Çinin hüquq-mühafizə orqanları həyata keçirdiyi "Tülkü ovu – 2016" xüsusi əməliyyatı çərçivəsində indiyədək axtarışda olan və ölkədən qaçıb xaricdə gizlənən 409 nəfəri həbs edib.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinə istinadən xəbər yayıb. Məlumata görə, ölkənin İctimai Təhlükəsizlik Nazirliyi mayın əvvəllərində korrupsiyada şübhəli bilinən və ya vəzifə cinayətləri ilə əlaqədar xaricdə gizlənən şəxslərin axtarışı ilə bağlı yeni kampaniyaya başlayıb.
Kampaniya "Tülkü ovu-2016" adını alıb. Bildirilir ki, həbs edilənlərdən 15-i ən çox axtarılan 100 nəfərin siyahısında imiş. Həmçinin aydın olur ki, cinayət işləri üzrə şübhəli bilinənlərdən 127-nin adı 10 milyon yuandan (təxminən 1,5 milyon dollar) çox, 28 nəfərin adı isə 100 milyon yuan məbləğində işlərdə hallanır. Həbs edilənlərdən 33-ü 5 ildən çox idi ki, Çinin sərhədlərindən kənarda gizlənirdilər. 12 nəfər isə 10 ildən çox idi ölkə hüdudlarından xaricdə sığınacaq tapmışdı.