11 Oktyabr 2016 15:32
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Dövlət Universitetində “ULUS” Fondunun Jurnalistika fakültəsi ilə birgə “Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr” mövzusunda konfransı öz işinə başlayıb.

Teleqraf.com-un xəbərinə görə, tədbiri giriş sözü ilə açan BDU rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan geosiyasi mövqeyinə görə dünyadakı 200 dövlətdən seçilir. Rektor qeyd edib ki, super dövlətlərin marağı Azərbaycanda kəsişir: “Hazırda ölkəmiz dinamik şəkildə inkişaf edir. Vaxtilə biz bataqlıqda idik, indi asfalt yolla gedirik. Bizə baxıb gülənlərin özləri indi bataqlıqdadır”.


Abel Məhərrəmov vurğulayıb ki, 4-cü hakimiyyətin nümayəndəsi kimi media hər şeyi olduğu kimi dünyaya çatdırmalıdır ki, mövqeyimiz daha da möhkəmlənsin: “Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyib. Bizə bəzən sual ünvanlayırlar ki, müharibə şəraitində yaşayan ölkə necə inkişaf edir? Əlbəttə, bu, qeyri-adi inkişaf metodologiyasıdır. Biz Qarabağ probleminin həlli istiqamətində beynəlxalq təşkilatların ikili standartları ilə qarşılaşırıq. Medianın işi ikili standartları sındırmaqdır. Əks halda pis nəticələrin şahidi ola bilərik”.

BDU jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli çıxışında bildirib ki, Azərbaycan mövzusunun xarici mediada işıqlandırılması ilə bağlı hər gün müxtəlif materialların şahidi oluruq: “Hesab edirəm ki, xarici ölkələr arasında media əlaqələri möhkəmlənməli, dünya mediasının inkişaf meylləri Azərbaycan mediasında tətbiq olunmalıdır. Bu istiqamətdə müzakirələr davamlı olaraq aparılmalıdır”.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında medianın rolu böyükdür: “Dünyada ikili standartlar hökm sürdüyündən haqq səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirik. İnformasiya həyatımızın ayrılmaz hissəsidir, bəs insanlar dolğun və qərəzsiz məlumat ala bilirmi? Yox. Bununla da çaşqınlıq yaranır. Bu səbəbdən media üzərinə düşən missiyanı layiqincə yerinə yetirməlidir”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qeyd edib ki, vahid informasiya məkanı yaranmalıdır ki, başqa bir ölkədə hadisə baş verəndə mənbə axtarışında yardım ala bilək: “Xarici ölkələrdə fəaliyyət göstərən media qurumları, jurnalistlərlə əlaqələr möhkəmlənməlidir. Azərbaycan həqiqətlərinin çatdırılmasında medianın rolu əvəzsizdir. Bundan başqa ilk növbədə ölkəmizin imicinin formalaşması naminə görülən işləri düzgün şəkildə ictimaiyyətə çatdırmalıyıq”.

Daha sonra çıxış edən general-leytenant Yaşar Aydəmirov “Regionda hərbi durum – qarşıdurmaların gətirə biləcəyi narahatlıqlar” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda hərb ənənələrinin çox güclü olduğunu qeyd edib: “Aprel döyüşlərində Azərbaycan Ordusunun heç 1 faizi belə iştirak etməmişdi. Bizim üçün sevindirici hal idi ki, aprel hadisələri zamanı media eyni hədəfə vurdu. Sensasiya xatirinə ordumuzda nöqsanlar olduğunu yazan jurnalistlər az deyil. Qeyd etmək istərdim ki, aprel döyüşündə hücum əməliyyatı deyildi, bu, xırda bölmələrin əks-hücum əməliyyatı idi. Hücum etsəydik, istədiyimizi alardıq. Qafqaz elə bir regiondur ki, burada hər kəsin marağı var. Lakin heç bir dövlət Azərbaycan Ordusuna nə isə edə bilməz. Digər dövlətlərin səfərbərlik dövründə etdiyini Azərbaycan 25 ildir edir. İnsanlar “İsgəndər” raketlərininin Ermənistanda olmasını ajiotajla qarşılayırlar. Sensasiya üçün belə ajiotaja ehtiyac yoxdur. Azərbaycanın istənilən raketi zərərsizləşdirmək üçün hava hücumundan müdafiə sistemi var. Belə məqamda pafosa ehtiyac yoxdur”.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər