4 Mart 2017 11:26
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 23-də İsveçrənin Cenevrə şəhərində başlayan Suriya danışıqlarının 4-cü mərhələsi başa çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffam de Mistura məlumat verib.

Onun sözlərinə görə, tərəflər 5-ci mərhələdə iştirak etmək üçün martın sonlarında yenidən Cenevrədə toplaşacaqlar. Mistura Suriya danışıqlarının 4-cü mərhələsini də dəyərləndirib.

O bildirib ki, 5-ci mərhələdə hansı məsələlərin müzakirə olunacağı bu toplantıda dəqiqləşdirilib: "Yaxın günlərdə BMT-nin baş katibi Antonio Quterresi və Təhlükəsizlik Şurasını məlumatlandırmaq üçün Nyu-Yorka gedəcəm. Bundan sonra 5-ci turun keçiriləcəyi dəqiq vaxtı açıqlayacam. Bu dəfəki görüşlərdə ilk dəfə olaraq, siyasi keçid və Suriyanın gələcəyi məsələlərini müzakirə etdik".

Misturanın mətbuat konfrasında suriyalı müxaliflərin rəhbəri Nəsir əl-Hariri də iştirak edib. O, jurnalistlərin suallarını cavablandırıb. Hariri bildirib ki, Azad Suriya Ordusu terrorla mübarizədə yeganə həqiqi tərəfdaşdır: "Əsəd rejimi tərəfindən edilən dövlət terroru ilə həmçinin, SEPAH, Hizbullah, İŞİD və Əl-Qaidə terror təşkilatları ilə mübarizədə qərarlıyıq. BMT-nin hesabatına görə, Suriya böhranı başladığı gündən 400 mindən çox dinc sakin öldürülüb. Ancaq həqiqi rəqəmlər daha böyükdür. Dinc sakinlərin ölümlərinə kimyəvi silahlar və raketlər səbəb olub. Bunun yeganə sahibi Əsəd rejimidir".

Hariri jurnalistin Türkiyəni "işğalçı tərəf" adlandırmasına sərt reaksiya göstərib: "Türkiyənin mübarizəsini işğal kimi dəyərləndirirsizsə, Rusiyanın, İranın və daha 64 ölkənin döyüş təyyarələrinin Suriya üzərindən uçuşuna nə deyəcəksiz? Türkiyə bizim dostumuzdur. Onlar bizə terrorla mübarizədə yaxından köməklik göstərir. Hazırda Türkiyədə 3,2 milyon suriyalı yaşayır. İordaniya da bizim dostumuzdur. Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və digər körfəz ölkələri bizi yalnız siyasi tərəfdən dəstəkləyir".

Mətbuat konfrasında iştirak edən Suriya prezidenti Bəşər Əsədin nümayəndəsi Bəşər Cəfəri heç bir açıqlama verməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər