Aprelin 2-də Ermənistanda keçirilən seçki gözlənildiyi kimi saxtakarlıq şəraitində baş tutdu. Əsas müxalifət qüvvələri – keçmiş xarici işlər nazirləri Raffi Ovannesyan, Vardan Oskanyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın birləşdiyi “ORO” bloku, eləcə də keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası ətrafında formalaşmış “Erməni Milli Konqresi – Ermənistan Xalq Partiyası” bloku faktiki olaraq parlamentdən kənarda qaldılar. Belə ki, Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyası parlamentdə 69, Qaqik Sarukyanın başında dayandığı “Çiçəklənən Ermənistan” 33 deputat yeri əldə etdikləri halda, Levon Ter-Petrosyanın partiyası 7, ORO bloku isə cəmi 4 mandat qazana bildi.
Seçkidən öncə bir sıra ekspertlər bildirirdilər ki, əgər kütləvi saxtalaşdırma olsa, iğtişaşlar qaçılmaz olacaq. Budur, seçki də oldu, saxtalaşdırma da. Bundan sonra nələri gözləməyə dəyər?
Bu istiqamətdə fikirlərini Teleqraf.com-la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, hazırda Ermənistanda müəyyən proseslər cərəyan edir. Onun sözlərinə görə, Ermənistanın real müxalifəti bu günlərdə nə etməli olduğuna dair qərar verməlidir: “İnsanları küçələrə səsləməli, yoxsa bu vəziyyətlə barışmalı? İki yolun heç birinin müxalifətə uğur gətirəcəyinə inanmıram. Çünki insanları küçələrə tökəcəklər, Sərkisyan yenə də güc yolu ilə hakimiyyətini qoruyacaq. Bu adam 2008-ci ildə onlarla vətəndaşını qətlə yetirdi, amma prezidentliyini qorudu. İkinci yol isə seçkinin nəticələri ilə barışmaqdır. Bu da müxalifətin zəifliyi demək olacaq. Düşünürəm ki, ola bilsin, Levon Ter-Petrosyanın Erməni Milli Konqresi ilə ORO bloku əməkdaşlıq qurub, etiraz formasını tapa bilərlər. Onların insanları küçələrə səsləyib-səsləməyəcəklərini bilmirəm. Əgər belə olsa, bu, həqiqətən iğtişaşlara gətirib çıxara bilər”.
Onu da bildirək ki, 2015-ci il dekabrın 6-da referendum yolu ilə Ermənistan konstitusiyasına əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə əsasən parlamentin səlahiyyətləri prezidentin səlahiyyətlərini azaltmaq hesabına genişləndirilib. Bundan sonra Ermənistanda əsas söz sahibi prezident deyil, parlamentdə çoxluq qazanan partiya və blokların seçəcəyi baş nazir olacaq. Güman olunur ki, 2018-ci ildə səlahiyyət müddəti baş çatdıqdan sonra hazırkı dövlət başçısı S.Sərkisyan baş nazir kürsüsünə yiyələnməyi qarşıya əsas məqsəd qoyub. Bəs, bunun mexanizmləri necə həyata keçiriləcək?
Bu sualımızı da cavablandıran E.Şahinoğlu qeyd edib ki, S.Sərkisyan adını “Respublika” partiyasının proporsional siyahısında yazdırmamaqla biclik edib: “Erməni cəmiyyətində bu müzakirələr başladı ki, bəlkə bu artıq hakimiyyətdən getmək, vəzifəsini kiməsə təhvil vermək istəyir. Amma onun seçkiyə bir neçə gün qalmış verdiyi açıqlamalarda “mən heç yana getmirəm” işarəsi var idi. Mümkündür ki, Sərkisyan özünü yox, bir başqasını baş nazir kürsüsünə gətirsin. Bu, Karen Karapetyan da ola bilər. Onu Moskvadan 3-4 ay üçün gətirməyiblər axı… Yəqin, imkan verəcəklər ki, bir az işləsin. Ondan sonra müəyyən rotasiya prinsiplərini həyata keçirə bilərlər. Bu, Rusiyadakı məlum yerdəyişmə şəklində də ola bilər. Xatirinizdədirsə, 2008-ci ildə Vladimir Putin səlahiyyətlərini Dmitri Medvedevə verəndə hamı sual edirdi ki, prezident öz səlahiyyətlərini niyə daha güclü fiqur olan Sergey İvanova yox, Medvedevə verir. Çünki İvanov Putinin Sankt-Peterburqdan tanıdığı ən yaxın silahdaşı idi, onlar DTK-da birgə çalışmışdılar, İvanov müdafiə naziri işləmişdi, bir neçə dil bilirdi. Medvedev də Putinin silahdaşı idi, amma həqiqətən də Putinin səlahiyyətlərini İvanova verməsi daha məntiqli olardı. Bəs niyə Putin Medvedevi seçdi? Çünki qeyd etdiyim kimi İvanov Medvedevdən güclü fiqur idi. Putin düşündü ki, səlahiyyətlərimi İvanova versəm, o, gələcəkdə bunu mənə qaytarmayacaq. Amma Medvedevlə müəyyən rol bölgüsü oldu. Sonrakı reytinqlərdə də – baxmayaraq ki, Putin baş nazir idi, amma nüfuzu daha yüksək idi. Beləliklə, Medvedev səlahiyyətlərini Putinə təhvil vermək məcburiyyətində qaldı”.
Politoloq bildirib ki, Ermənistanda da oxşar hadisələr baş verə bilər: “Yəni, Serj Sərkisyan baş nazir olmasa belə, hökuməti müəyyən müddət elə bir fiqura verəcək ki, ya tam ona tabe olsun, ya da gələcəkdə o yeri onun üçün azad etsin. Hazırda Sərkisyan hökumətin başında güclü fiqur arzulamır”.
Səxavət HƏMİD