Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa Birliyi ilə Gömrük Birliyini genişləndirməsinə veto qoyub.
Teleqraf.com xəbər verir ki, artıq bununla bağlı kansler Merkel Berlinə səfər edən Avropa İttifaqının rəhbəri Yunkerə məlumat verib.
Qeyd edək ki, Angela Merkel Avropa Birliyinin rəhbəri Yunkerlə Berlində bir araya gəlib. Merkel Avropa Birliyi ilə Türkiyə arasında ticarət həcmini genişləndirməyi nəzərdə tutan Gömrük Birliyinin güclənməsinə qarşıdır. Bu görüşdən bir gün əvvəl Merkel bəyan etmişdi ki, Berlin Avropa Birliyi ilə Türkiyə arasında ticarəti genişləndirməyi nəzərdə tutan Gömrük Birliyinin genişlənməsinə veto qoyacaq.
Qeyd edək ki, AB ötən ilin sonunda Türkiyə ilə 1996-cı ildən bu yana mövcud olan Gömrük Birliyini genişləndirmək üçün müzakirələrə başlamaq niyyətini ifadə etmişdi. Gömrük Birliyinin genişlənməsi ilə əkinçilik, kömür, polad məhsulları gömrük rüsumundan azad ediləcək və nəticədə ticarətin həcmində artım baş verəcəkdi. Mövcud Gömrük Birliyi anlaşmasında əsasən sənaye və kənd təsərrüfatı məhsullarına gömrük güzəştləri tətbiq edilir.
Avropa Birliyi hesab edir ki, Türkiyə ilə Gömrük İttifaqının genişləndirilməsi hər iki tərəf üçün iqtisadi baxımdan faydalıdır.