Türkiyə və Rusiya arasında İdlibin bombalanmasından sonra gərginlik səngimək bilmir. Türkiyə bu hücuma görə məsuliyyəti Rusiya və İranın üzərinə atır. Dünən axşam saatlarında Rusiya və İranın Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da İdlib hücumu ilə bağlı fikirlərini bölüşüb:
“İran və Rusiya üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədi, Əsəd rejimini dayandıra bilmədi. Əsəd rejimi sərhəddə irəliləməkdə davam edir. Dünən Rusiya və İran səfirlərinə lazımı xəbərdarlığımızı etdik. İdlibdə gərginliyi azaltmaq lazımdır”.
Rusiyadan Çavuşoğluna cavab gecikməyib. Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına və Milli İstihbarat Təşkilatına məsələ ilə bağlı məktub göndərilib. Məktubda Türkiyənin Suriyadakı öhdəlikləri xatırladılıb:
“Rusiyanın Suriyadakı Xmeymim hərbi hava bazasına hücumlar İdlibdən – müxaliflərin nəzarətində olan təhlükəsizlik zonasından edilib. Ankaranın bütün hücumların qarşısını almaq üçün İdlibdəki silahlı birləşmələr tərəfindən atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək kimi öhdəliyi var və Türkiyə bu öhdəliyə sadiq qalmalıdır”.