Dünyada ən çox casusluq fəaliyyəti II Dünya müharibəsi zamanı qeydə alınıb. Müharibə dövründə yalnız Amerika 13 min insanı casusluq fəaliyyətinə cəlb edib. Bu şəxslər arasında olan bir çoxları indi də dünyada tanınmış insanlar kimi qəbul edilir. Qəribədir ki, onların çoxu casusluq fəliyyətinə görə deyil, real həyatda əsl peşələri ilə önə çıxıblar.
Teleqraf.com casus olduqları deyilən 5 məşhur şəxsin kimliyini oxuculara təqdim edir.
Jozefina Baker
Baker 1906-cı ildə Luiza Freda Jozefina Makdonald adı ilə doğulub. Fərqli həyat yaşadıqdan az sonra rəqqas kimi karyeraya başlayıb. ABŞ-da bir çox turnelərdə iştirak edib. 1925-ci ildə Parisə köçüb. Avropada caz dövrünün simvolu olmaqla yanaşı, bu sənətin ikonu kimi qəbul edilib.
Az sonra nasistlərin irqçi siyasəti ilə tanış olub. Nasistlərə qarşı Fransa müqavimət hərəkatında önəmli rol oynayıb. Rəqqas olması ona avantaj yaradıb. Mədəniyyət tədbirlərində və konsertlərdə iştirak məqsədilə Avropanı dəfələrlə gəzib. Nasistlər belə ondan şübhələnməyib. Bu imkanlarından istifadə edən Jozefina hərbi və siyasi informasiyalar toplayaraq fransızlara ötürüb. Nasistlərlə bağlı əldə etdiyi informasiyaları görünməz mürəkkəblə yazaraq Fransaya çatdırıb. Eyni zamanda Fransanın cənubunda olan evində nasistlərin əlindən qaçan bir çox yəhudiləri saxlayıb.
Qraham Qrenn
İngiltərədə doğulan Qraham Qrenn ölkədə məşhur hekayə və roman yazarı olaraq tanınıb. 1941-ci ildə İngiltərənin Mİ6 kəşfiyyat xidməti üçün işləyib. Bir il müddətinə Sierra Leone və Freetovnda işləyib. Əsas işi Afrikadan Almaniyaya gələn gəmiləri müəyyən etmək olub. Əsasən gəmilərdən almaz və məxfi sənədlər axtarıb. Eyni zamanda Fransanın şimalında hərbi qüvvələrin hərəkət marşrutunu müşahidə edirdi. 1943-cü ildə Londona qayıdan Qreen Mİ6 üçün işləməkdə davam edir. Onun dünyada “Səssiz amerikalı”, “Havannadakı adamımız”, “Fəxri konsul” romanları məşhurdur.
Roald Dahl
Dünyada daha çox “Çarli və şokolad fabriki” adlı ən çox satılan kitabı ilə uşaq ədəbiyyatı nümayəndəsidir. II Dünya müharibəsindən əvvəl Kral Hava Qüvvələrində hərbi təhsil aldıqdan sonra bir sıra əməliyyatlarda iştirak edib. Bu əməliyyatlardan biri zamanı təyyarəsi şimali Afrika çöllərinə düşüb və bununla da hərbi karyerası başa çatıb. 1942-ci ildə İngiltərənin Amerikada səfiri postuna irəli çəkilib. Məhz bu dönəmdən ingilis kəşfiyyatına bağlanıb. Səfir kimi əsas məqsədi ABŞ-ın Almaniyaya qarşı II Dünya müharibəsində iştirakına nail olmaq olub. Və bunu böyük ustalıqla həyata keçirib. Bu zaman sözsüz ki, kəşfiyyatın informasiyalarından maksimum yararlanıb.
Morris Moe Berg
II Dünya müharibəsi öncəsi Amerikanın ən məşhur beysbolçusu olaraq tanınırdı. Berg Nyu Yorkda doğulsa da, əslində, Ukrayna əsilli idi. Bu səbəbdən modern dillər təhsili ala bilmişdi. ABŞ-ın ən məşhur beysbol klublarında oynayıb. ABŞ II Dünya müharibəsinə daxil olduqdan sonra Berg də orduya daxil oldu, hərbi təhsil aldı. Daha sonra Avropada Hitler rejiminin hərbi gücləri ilə bağlı kəşfiyyat informasiyası toplamağa başladı. 1944-cü ildə Berg İsveçrəyə göndərildi. Əsas tapşırığı isə alman fiziki Verner Heisbenbergə sui-qəsd etmək, onu öldürməkdən ibarət idi. Ancaq Berg nasistlərin atom bombası silahını əldə etməkdən hələ uzaq olduğunu müəyyən etdikdən sonra Verneri öldürməkdən vaz keçdi.
Culiya Cild
Culiya Cild daha çox məşhur şoumen və mətbəxt kitablarının müəllifi olaraq tanınır. Koliforniyada doğulub. 1942-ci ildə təyyarə xəbərdarlığı xidmətində könüllü olaraq işləyib. Burada bir çox düşmən təyyarəsi hücumunun qarşısını ala bilib. Daha sonra vəzifə üçün Vaşinqtona dəvət olunub və burada bir sıra kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib.