Rusiyanın "Qazprom" şirkətinin Ukraynaya qaz ixracaatını dayandıracağına dair açıqlaması Avropa Komissiyasını hərəkətə gətirib.
Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa İtkonen iki ölkə arasında yaşanan enerji mübahisəsinin həlli üçün vasitəçilik etməyə hazır olduqlarını bəyan edib.
Anna-Kaisa İtkonen qeyd edib ki, əgər tərəflər problemin həllində Avropa Komissiyasının vasitəçilik etməsini istəyirlərsə quruma müraciət etməlidirlər: "Biz bu prosesdə vicdanlı broker rolunu oynamağa hazırıq.
Ukraynanın "Naftoqaz" enerji şirkəti bəyan edib ki, Rusiyanın "Qazprom" şirkəti Stokholm məhkəməsinin qərarına uyğun olaraq ona 2,56 milyard dollar ödəməyəcəyi təqdirdə Ukraynadan tranzit kimi istifadə olunmaması məsələsini qaldıracaq.
Ukrayna prezidenti Petr Poroşenko da bildirib ki, əgər "Qazprom" kompensasiyanı ödəməsə onun Ukraynadakı mülkləri müsadirə ediləcək. Yaxud da Rusiya Avropaya qaz nəql etmək üçün başqa marşrut axtarmalı olacaq.
Rusiyanı enerji naziri Aleksandr Novak isə tranzit qiymətlərinin müəyyənləşdirilməsi üçün üçtərəfli danışıqların aparılmasının hələ tez olduğunu bildirib. Qeyd edib ki, əgər Ukrayna radikal qərar qəbul etsə, "Qazprom" bu ölkəyə qaz satışını dayandıracaq.
Bildirək ki, 2014-cü ilin iyununda "Gazprom"la "Naftoqaz" dövlət şirkəti bir-birinə qarşı milyardla dollarlıq iddialar qaldırıblar. "Naftoqaz" iddiasında bildirib ki, "Qazrpom" Ukrayna ərazisindən hər il nəql etməli olan qazı göndərməyib və az ödəniş edib. Buna görə də kompensasiya ödəməlidir.
Stokholm arbitraj məhkəməsi Ukrayna ilə imzalanmış qaz tranzitinə dair müqavilənin şərtlərinə əməl etmədiyi üçün "Qazprom"un "Naftoqaz"a 2,56 milyon dollar vəsait ödəməli olduğu barədə qərar qəbul edib. "Qazprom" isə martın 1-də yaydığı bəyanatda məhkəmənin qərarı ilə razlaşmadığını, bütün mümkün vasitələrlə hüquqlarını müdafiə edəcəyini bildirib.