İosif Vissarionoviç Stalinin SSRİ-yə rəhbərlik etdiyi illər məzmunca çox zəngin olub. Bu dövrdə son dərəcə mühüm hadisələr baş verib.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Stalinin vəfatının 65-ci ildönümü ilə əlaqədar deyib.
Kommunistlər Birliyinin sədri bildirib ki, Stalin prinsipial xarakter daşıyan vəzifələri uğurla yerinə yetirməyi bacaran şəxs kimi tarixə düşüb:
“Onun işləyib hazırladığı xətt düzgün idi. Başlıca diqqəti insanların vəziyyətini yaxşılaşdırmağa vermək haqqında Lenin vəsiyyətinə sadiq olan Stalin daxili siyasət sahəsində əsas fikri xalqın maddi və mədəni həyat səviyyəsinin xeyli yüksəldilməsini təmin etməyə yönəltmişdi. Belə bir yüksəliş üçün yol da göstərmişdi - əmək məhsuldarlığının daha sürətlə yüksəldilməsi əsasında ictimai istehsalın səmərəliliyini qətiyyətlə artırmaq”.
Ədalət Abdinov bildirib ki, Stalinin təşkilatçılığı sahəsində XX əsrin 50-ci illərində SSRİ-nin qüdrəti artıb: “Sovet adamları həm maddi, həm də mənəvi cəhətdən yaxşı həyat sürməyə başlamışdılar. Sovet cəmiyyətinin mənəvi-siyasi birliyi, ölkəmizin bütün xalqlarının qardaşcasına dostluğu daha da möhkəmlənmişdi.
Stalin xarici siyasət sahəsində sülh proqramı irəli sürmüşdü. Sülh proqramının başlıca mənası dünya sosializminin qüdrətinə, birliyinə və fəallığına, onun bütün tərəqqipərvər və sülhsevər qüvvələrlə möhkəmlənən ittifaqına arxalanaraq, beynəlxalq münasibətlərin inkişafında dönüş yaratmaqdan ibarət idi. Stalin “soyuq müharibə”dən ictimai quruluşları müxtəlif olan dövlətlərin dinc yanaşı yaşamasına çalışırdı.
Stalin qüdrətli lider idi. Məhz Stalinin rəhbərliyi dövründə ölkə saat kimi işləyirdi. Qayda-qanun hakim idi. Vətəndaşın hüquqları qorunurdu. Qanunu pozanları, məmur özbaşınalığını isə güzəştsiz cəza gözləyirdi. Bu, Stalin tərəfindən ən düzgün mövqe idi”.
Xatırladaq ki, bu gün 1922-1953-cü illərdən Sovet İttifaqı Kommunist Partiyasının baş katibi olan Stalinin öldüyü gündür.
Qeyd edək ki, Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də Stalinin hakimiyyəti illərində - 1920-ci illərdən başlayaraq, 30 ilə yaxın davam edən repressiya olub. Stali repressiyası Azərbaycan xalqının ən istedadlı vətəndaşlarını, ziyalılarını məhv edib. İnsanların "pantürkist", "panislamist", "əksinqilabçı", "trotskiçi", "casus", "millətçi", "üsyançı" kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdiyi dəhşətli bir siyasət idi. Repressiya illərində SSRİ-də ümumilikdə 1 575 259 adam həbs olunub. Bunlardan 173 382 nəfəri guya "əksinqilabi" iş apardığına görə cəzaya məruz qalıb, 1 344 923 nəfər məhkum edilib, 681692 nəfər isə güllələnib.
Repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilib. Bu bir faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə dururdu. Əgər 20-ci illərdə birmənalı olaraq ”əksinqilabçı” adı ilə Cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası bir qədər qarışıq olub. Bu mərhələdə insanlar “xalq düşməni”, “pantürkist”, “sui-qəsdçi”, “panislamist” yarlığı altında məhv edilirdi. Bu repressiya burulğanında kommunistlər də var idi. Belə ki, hətta kommunist partiyasının ən məşhur və vəzifə tutan nümayəndələri belə bu fəlakətdən canını qurtara bilmədilər. Həmin dövrdə Azərbaycanda qətlə yetirilən insanlarla bağlı xüsusi plan hazırlanmışdı ki, o plana görə 3 ayda 1500 nəfərin güllələnməsi nəzərdə tutulurdu.
Konkret Azərbaycanda ümumilikdə 1930-40 və 50-ci illərin əvvəllərində 70 min adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.
Repressiyaya məruz qalanlar içərisində Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad və s. kimi Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimləri olub. Bununla da repressiya Azərbaycanın ümumilikdə intellekt potensialına sarsıdıcı zərbə vurub.