Rusiyanın Bəşər Əsədin Ankarada keçirilən Türkiyə, İran və Rusiya prezidentlərinin görüşünə qatılması üçün təşəbbüs göstərməsi haqda informasiyaların ciddiliyinə şübhə var. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan indiyə qədər hər fürsətdə Bəşər Əsədə mənfi münasibətini çox sərt və açıq şəkildə ortaya qoyub.
Bu fikirləri Teleqraf.com-a təhlükəsizlik eksperti Sülhəddin Əkbər Bəşər Əsədin Rusiya vasitəsilə Ankarada baş tutmuş üç ölkə liderlərinin görüşünə qatılması üçün təşəbbüs göstərməsi və hətta Əsədin prezident Ərdoğan tərəfindən qəbul edilməsi haqda dünya mətbuatında gedən informasiyanı şərh edərkən deyib.
S. Əkbər qeyd edib ki, Prezident Ərdoğan uzun illərdir Bəşər Əsədlə bağlı sərt mövqeyini açıq ortaya qoyur:
“İndi Ərdoğanın ictimai rəyi nəzərə almadan siyasətini 180 dərəcə dəyişərək, Əsədin Türkiyəyə dəvət edilməsi və onunla görüşməsinə razılıq verməsi mümkünsüzdür. Əgər təmaslar olsa, ilk növbədə xüsusi xidmət orqanları arasında baş tuta bilər. Bundan sonra təmas hərbi sahəni əhatə edər. Qısaca kəşfiyyat və hərbi səviyyədə ilkin kontaktlar mümkündür. Bundan sonra siyasi-diplomatik səviyyədə əlaqələr yarana bilər. Bu zaman da diplomatik münasibətlərin səviyyəsi addım-addım yüksəlməlidir ki, Əsəd-Ərdoğan görüşü mümkün olsun. Bu işlər görülmədən, belə yüksək səviyyəli görüşün olacağı inandırıcı görünmür”.
Xatırladaq ki, aprelin 4-də Ankarada baş tutan Rusiya, Türkiyə və İran liderlərinin görüşündə iştirak etmək üçün, Moskvanın Suriya lideri Bəşər Əsədlə danışıqlar apardığı haqda xəbərlər yayılmışdı.
Bəzi informasiyalarda isə Suriya lideri Bəşər Əsədlə Türkiyə Prezidenti Ərdoğan arasında görüşün ola biləcəyi qeyd edilib.