Suriyada hazırda baş verənlər illər öncə ABŞ və Böyük Britaniya arasında razılaşdırılıb. Bu razılaşma 2003-cü ildə təkrar gündəmə gəlib və iki ölkənin Suriya ssenarisini necə planlaşdırdıqları detallarına qədər ortaya qoyulub.
Teleqraf.com xəbər verir ki, sözügedən anlaşma çərçivəsində Suriya ssenarisinin necə başladılmasını “Qlobal Reserç”in təhlilçisi Felikt Arbuthnot gündəmə gətirib.
Təhlilçi 1957-ci il tarixli sənədə əsasən, ABŞ və İngiltərənin Suriyanı istila etmək üçün tərtib etdiyi planın detalları haqqında danışıb.
Plana əsasən, Suriyanın müstəqilliyindən sonra Milli Partiyadan olan Şükrü əl Qüvvətlinin əsas müttəfiqlərinə qarşı sui-qəsd təşkil edilməsi planlaşdırılıb. Eyni zamanda qonşu ölkələrdə baş verənlərdə Suriyanın barmağı olduğu haqqında rəy formalaşdırılması nəzərdə tutub. Sui-qəsdə ediləcək şəxslər qismində isə Suriya hərbi kəşfiyyatının rəhbəri Əbdül Həmid Sarraj, Baş Qərargah rəisi Afif əl Bizri və Suriya Kommunist Partiyasının sədri Xalid Bektaşi müəyyən edilib.
ABŞ Prezidenti Duayt Devid Eyzenhauer və İngiltərə Baş naziri Harold Makmillan arasında əldə edilən razılaşmada bu ifadələr xüsusi diqqət çəkir:
“Azadlıq sevən güclərin hərəkətlərini çətinləşdirmək, rejimin hərbi gücünü azaltmaq və lazım olan nəticəni əldə etmək məqsədilə bəzi şəxsləri ortadan götürmək üçün işlər görülməlidir. Suriyada daxili qarışıqlıq yaratmaqla bağlı razılaşma əldə edildikdə MKİ və Mİ6 Suriya daxilində kiçik çaplı sabotajlar və çevrilişlər həyata keçirməyə hazır olacaq”.
Qeydlərdə ayrıca olaraq hadisələrin Dəməşqdən kənar bölgələrdə yayılmasının vacibliyi vurğulanıb. Sərhəddə yaradılacaq qarşıdurmalardan o dövrdə İngiltərənin himayəsində olan İraq və İordaniyanın hərbi müdaxiləsi üçün bəhanə kimi istifadə ediləcəyi planlaşdırılıb.
Planda MKİ və Mİ6-nın Suriyanın öz qonşularına - İraq, İordaniya və Liviyaya hücum və güc tətbiqini dəstəkləməsi görüntüsünü yaradaraq, hadisəni genişləndirməyin əsas məqsəd olduğuna da diqqət çəkilib.
Bundan başqa ssenarinin müəllifləri Suriyada çevrilişdən sonra müxalifətçilərdən ibarət Azad Suriya Komitəsinin yaradılması və komitəyə üzvlüyün parametrləri barədə də tezislər yer alıb.
Türkiyə solçularının haber.sol.org.tr saytı qeyd edir ki, o dövrdə SSRİ ilə yaxşı əlaqələrə malik olan , Kommunist Partiyasının dəstəklədiyi və bölgədə müstəqil addımları ilə diqqəti çəkən Suriya siyasətçilərindən narahat olan ABŞ və İngiltərə 1957-ci ildə hazırladığı planı illərcə gizli saxlamalı olub.
Suriyanın qonşularının dəstəyiolmadığı üçün sözügedən plan uzun müddət tətbiq olunmayıb. Ancaq indi Suriyada baş verənlər planın təsadüfən qəbul edilmədiyini ortaya çıxarır.