Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən iki partlayış zamanı ölən 29 nəfərdən 9-u kütləvi informasiya vasitələrinin əməkdaşlarıdır.
Teleqraf.com xəbər verir ki, hücum nəticəsində “TOLOnews” telekanalının operatoru, 1TV telekanalının jurnalisti və operatoru, “Mashal TV” telekanalının iki əməkdaşı, və “Azadi Radio”nun (“Azad Avropa Radiosu/Azadlıq Radiosu”nun Əfqanıstan filialı - red.) üç jurnalisti, eləcə də “Agence France-Presse”in fotomüxbiri Şah Marai həlak olub.
Qeyd edək ki, hücum xarici ölkələrin nümayəndəliklərinin, eləcə də Əfqanıstanın Kəşfiyyat Agentliyinin yerləşdiyi bölgədə həyata keçirilib. İlk partlayış yerli vaxtla səhər saat 8 (Bakı vaxtı ilə 07:30) radələrində baş verib. Partlayışı motosikletdəki terroçu-kamikadze həyata keçirib.
İkinci partlayış isə 20 dəqiqə sonra - hadisə yerinə təcili yardım xidmətləri və jurnalistlər gələn zaman eyni bölgədə baş verib. Ümumilikdə 29 nəfər ölüb, azı 49 nəfər yaralanıb.
Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.