Türkiyənin yeni prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan avqustun 28-də səlahiyyət müddəti başa çatandan sonra hakim AKP-yə qayıdacağını bəyan edən hazırki prezident Abdullah Gülün qərarını şərh edib.
Teleqraf.com-un məlumatına görə, Ərdoğan A.Gülün “Partiyama geri qayıdacam” fikirlərinə cavab olaraq qeyd edib ki, bu, A.Gülün haqqıdır: “Abdullah bəyin partiyasına, partiyamıza geri dönməsindən təbii bir şey yoxdur. Onun belə bir addım atması təbiidir”.
Qeyd edək ki, A.Gül jurnalistlərlə görüşündə hakim partiyaya qayıdacağını açıqlamışdı: “Partiya qurucusu kimi AKP-yə geri dönəcəm. Bu partiyanın qurucusu, ilk baş naziri və prezidentiyəm. Partiyaya geri qayıtmaqdan daha təbii bir şey yoxdur. . Mənim siyasi mücadiləm ortadadır. Mən keçmişimlə yaşamıram, gələcəyə baxıram, səbrlə problemlərin həlli üçün çalışıram. Avqustun 28-dən sonra partiyama qayıdacağam”.
A.Gülün bu açıqlamasından dərhal sonra AKP-nin sözçüsü Hüseyn Çəlik bəyan etdi ki, AKP avqustun 27-nə fövqəladə qurultay təyin edib. Bu qərara görə A.Gül sözügedən qurultayda iştirak edə bilməyəcək. Bununla yanaşı onun baş nazir və AKP-nin sədri olmaq şansları da əlindən çıxıb. A.Gülün səlahiyyət müddəti avqustun 28-də başa çatdığı üçün o, AKP-nin qurultayında iştirak edə bilməz. Bu tarixdən öncə onun öz partiyasına geri dönmək hüququ yoxdur. Çünki məhz fövqəladə toplantıdan 1 gün sonra öz postunu Ərdoğana təhvil verəcək. Qurultayın avqustun 27-nə təyin olunmasının A.Gülün AKP-dən kənarda saxlanması üçün düşünülmüş addım olduğu bildirilir.