2 İyul 2018 13:08
2 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər ABŞ Prezidenti Donald Tramp Suriyanı Rusiyaya güzəştə gedəcəksə, burada ABŞ-ın Rusiyadan nə istəyəcəyi əhəmiyyətli olacaq. Bu o halda ola bilər ki, Rusiya İranı güzəştə getsin.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

Politoloq qeyd edib ki, ABŞ Suriyanı güzəştə gedəcəyi halda, Rusiyadan İranın Suriyadakı mövqelərini istəyəcək:

“İran ətrafındakı halqa daralır. ABŞ İranı bir sıra istiqamətlərdə hədəfə götürüb. Burada əsas məsələ Rusiyanın fəaliyyətinin bu prosesdə aktiv formada təmin edilməsidir. Əgər Rusiya ABŞ tərəfindən irəli sürülən şərtləri yerinə yetirsə, bu zaman, ABŞ Rusiyanın Suriyada qalmasına mane olmayacaq. Lakin bu, ABŞ-ın Suriyanı tamamilə güzəştə gedəcəyi demək deyil. İndiki məqamda isə ABŞ Rusiyanın Suriyadakı mövcudluğunu qəbul etmir.

Hesab edirəm ki, Suriya anlaşmasında təkcə İran yox, MDB məsələsi də bazarlıq mövzusu ola bilər. Bu məsələdə xüsusilə, Ermənistana daha çox diqqət ayrıla bilər. Çünki Ermənistanda baş vermiş dəyişiklik Rusiya və Qərbi başqa bir cəbhədə yenidən üz-üzə qoyub. Digər yandan, Rusiyanın Yaxın Şərqdə təcrid siyasətinin yumşaldılması da bazarlıq məsələsi ola bilər.

Lakin Rusiyanın bu şərtləri hansı formada yerinə yetirəcəyini zaman göstərəcək. Bütün hallarda isə əgər Rusiya uzun müddət Suriyada qalmaq istəyirsə, ABŞ-la diplomatik masa arxasında oturmalıdır. Əlbəttə, hər şey Rusiyanın irəli sürülən şərtlərə hansı cavabı verəcəyindən asılı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər