20 İyul 2018 08:09
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin son aylarda atdığı gözlənilməz addımlar dünya siyasi meydanında baş verən gözlənilməz hadisələr kimi dəyərləndirilə bilər. Onun bu yaxınlarda Şimali Koreya lideri ilə görüşü, heç kimin gözləmədiyi halda Rusiya Prezidenti ilə ilk görüşü zamanı bu qədər isti münasibət yarada bilməsi nə qədər qəribə görünsə də danılmaz həqiqətdir.

Teleqraf.com xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, eks-maliyyə naziri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, Donald Trampın Vladimir Putinlə görüşündən az sonra “Tvitter” səhifəsində yazdığı fikirlər daha çox diqqət çəkir:

“Onun “mən bəşəriyyətin taleyi ilə risk edib siyasi qazanc əldə etməkdənsə, bəşəriyyət xatirinə siyasi risklərə getməyə daha çox hazıram” deməsi düşündürücüdür. Trampın on illər boyu ipə-sapa yatmayan və qonşu dövlətləri, hətta ABŞ-ın özünü nüvə silahı ilə hədələyən Şimali Koreya rəhbərini “ram” edə bilməsi onun bu fikirləri söyləməkdə haqlı olduğunu göstərir. Hazırda ABŞ-da Trampın populyarlığı 11 sentyabr 2001-ci ildə baş vermiş məlum terror aktından sonrakı dönəmdə kiçik Corc Buşun populyarlıq səviyyəsi ilə müqayisə edilə bilər. İndi Tramp eyni zamanda həm Amerikanın və həm də bəşəriyyətin maraqlarını qorumaq xatirinə riskli addımlar atır. Təsəvvür etmək çətin deyil ki, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar üzərində iş aparıldığı bir vaxtda Trampın şimal qonşumuzun rəhbərliyi ilə bu qədər isti bir münasibət formalaşdırması Birləşmiş Ştatların rəsmi dairələri və ilk növbədə Rusiyaya qarşı sanksiya istəyində olan konqresmenlər tərəfindən necə qarşılanır. Ancaq Tramp heç nəyə baxmadan özünü dünyanın siyasi düzənində ciddi korrektələr etməyə kökləyib. Zaman onun bu addımlarının nə ilə nəticələnəcəyini tezliklə göstərəcək. Müzakirəyə ehtiyacı olmayan bir həqiqət var ki, ideoloji cəhətdən fərqli qütblərdə dayanan tərəflərin müttəfiqliyi bir qayda olaraq möhkəm olmur və ya uzun ömürlü ola bilmir”.

“Bu iki nəhəng nüvə dövlətinin yaxınlaşmasının bizə nə vəd edə biləcəyi” sualını cavablandıran F.Yusifov deyib:

“Adətən belə yaxınlaşmalar onların maraqlarının bölüşdürülməsi ilə də başa çata bilir. Hər iki dövlətin dünyanın çox yerində olduğu kimi, Cənubi Qafqazda da öz maraqları var”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər