İsrail və Rusiya arasında İran və Suriya böhranı ilə əlaqədar gedən danışıqlar intensivləşib. Yüksək səviyyədə qarşılıqlı səfərlər və aparılan danışıqlar iki ölkə arasında müəyyən razılaşmanın olacağından xəbər verir.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, İsrail Baş naziri Binyamin Netanyahu və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş görüşdə İranın Suriyadan çıxarılması məsələsi müzakirə edilib:
“Putinin Netanyahuya İranla bağlı şərti var. Bu şərt yəhudi lobbisinin köməyilə ABŞ Konqresinin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etməkdir. Bu baxımdan da hesab edirəm ki, Rusiya və ABŞ prezidentlərini görüşdürən də yəhudi lobbisi olub. Yəhudi lobbisinin təsir dairəsində olan Trampa qalsa, sanksiyaları indi ləğv edərdi. Lakin Amerika başçısı Konqres və Pentaqonun iradəsindən kənar addım ata bilmir”.
İsrail və Rusiya arasında siyasi təmasların sıxlaşdığını deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, Xarici işlər naziri Sergey Lavrov və Baş qərargah rəisi Valeri Gerasimovun Tel-Əvivə səfəri də təsadüfi deyil:
“İsrail tərəfi bu səfərdən istifadə edərək, İran və Suriya ilə bağlı mümkün anlaşmanın imzalanmasını sürətləndirməyə çalışacaq. İsrail Rusiya maneəsini aradan qaldıraraq, Suriyaya girmək niyyətindədir.
Bu səfərdən sonra biz Suriyada İranla bağlı vəziyyətin dəyişəcəyini görəcəyik. İsrail çalışır ki, Rusiya İrandan dəstəyini çəksin və İran qoşunlarının çıxarılmasını Tehrandan tələb etsin. Buna görə də düşünürəm ki, Putin İranla bağlı İsrailə güzəştə gedə bilər. Çünki İranın Yaxın Şərqdə artan fəallığı Rusiyanı da narahat edir”.