Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın cəbbəxanalarından tapılmış hərbi maşınlar Qarabağdakı erməni ordusuna aid deyil.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların “müdafiə naziri” Levon Mnatsakanyan deyib.
“Həştərxan Cəmiyyəti tərəfindən hədiyyə edilən bu avtomobillər indi də Qarabağdakı ordunun balansındadır. Manvel Qriqoryanın həmin avtomobillərin haradan əldə etdiyi isə məlum deyil”, - deyə Mnatsakanyan qeyd edib.
Ermənistan hüquq mühafizə orqanları hakimiyyətə qarşı çevriliş hazırlamaqda ittiham edilən Manvel Qriqoryanın hərbi texnikaları haradan alması barədə qeyri-müəyyən vəziyyətə son qoya bilmir. Levon Mnatsakanyanın açıqlaması isə mövzu ətrafında yeni müzakirələrə səbəb olub.
Ermənistanda nəşr olunan “Jamanak” qəzeti qiyamçı generalın Rusiyada maliyyələşən Həştərxan Cəmiyyəti tərəfindən silahlandırıldığı, yaxud bəzi texnikaların Rusiyanın Ermənistandakı hərbi bazalarından verildiyini iddia edib.
Bir müddət əvvəl də Ermənistan KİV-də Həştərxan Cəmiyyəti üzvlərinin Manvel Qriqoryanın silah anbarlarında aşkar edilmiş hərbi avtomobillərlə görüntüləri yayılmışdı.
“Jamanak” isə Baş nazir Nikol Paşinyanı vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırmaq istəyən daxili siyasi qüvvələrin başında Rusiya tərəfindən maliyyələşdirilən QHT-lərin dayandığını iddia edir.
Qeyd edək ki, Manvel Qriqoryan Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikaları, silah-sursat, hərbçilərin geyim formaları və ərzaq məhsullarını oğurlamaqda ittiham edilərək həbs olunub. O, eyni zamanda dövlət çevrilişi hazırlamaqda ittiham edilir.