Adnan Oktar heç bir mason təşkilatının üzvü deyil – Türkiyəli masonlar
Türkiyəli masonlar Adnan Oktarın 1 milyon 50 min avro verərək mason lojasında 33-cü dərəcə əldə etdiyi barədə xəbərləri təkzib edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Böyük Mason Lojasının rəhbər şəxslərindən olan Bülənt Akkan “Adnan hoca” kimi tanınan ilahiyyatçı Adnan Oktarın heç bir mason təşkilatına üzv qəbul olunmadığını deyib.
“Adnan Oktar adlı şəxs nə bu gün, nə də əvvəllər lojamızın üzvü olmayıb. Üzvümüz olduğu iddia edilən, lakin qanundankənar fəaliyyətlərinə görə lojamıza yaxın buraxılmayan şəxslər var. Saxta sənədlərlə lojamızın üzvü olduğu deyilən və 2016-cı il iyulun 15-də xain dövlət çevirilişinə cəhdin memarı olan FETÖ lideri Fətullah Gülən kimi hələ də haqqında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılan Adnan Oktar adlı şəxs də üzvümüz deyil”, - deyə Bülənt Akkan söyləyib.
Qeyd edək ki, C.Ö. adlı şəxs istintaqa verdiyi ifadədə Adnan Oktarın 2012-ci ildə ölkədən kənarda daha böyük nüfuz əldə etmək üçün mason lojasına üzv olmaq istəyini deyib və bununla bağlı ona araşdırma aparmağı tapşırıb: “Mən də dünyada ən güclü mason lojalarının “Şotlandiya Riti” və “P2” olduğunu öyrənib ona dedim. Şotlandiyada mason lojasının ritesinə üzv olmaq üçün İngiltərədə yaşamaq şərt idi. Adnan Oktar məndən “P2” mason lojası ilə əlaqə qurmağımı istədi.Hər dəfə 350 min avro olmaqla 3 dəfə pul verərək (cəmi 1 milyon 50 min avro) Adnanın 33 dərəcəli mason olmasını təmin etdik. Bundan sonra, 2014-cü ildə İtaliya xarici işlər naziri Franko Frattini Türkiyəyə səfər edərkən Adnan Oktarla görüşdü. “P2” lojası Vaşinqtondakı mason lojası ilə birgə hərəkət etdiyi üçün Trampın inauqurasiya mərasiminə dəvət aldıq. Adnan Oktarı təmsil edən Oqtay Babuna və daha bir nəfər həmin mərasimdə iştirak etdi. Bu dəvəti almaq üçün Adnan Oktar 200 min dollar ödədi”.