Casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunan amerikalı rahib Endryu Branson barəsində iddianamədə Ləvənt adlı şahidin ifadələri yayılıb. O, Bransona məxsus kilsənin PKK-nın koordinasiya mərkəzi kimi istifadə olunduğunu iddia edib.
Teleqraf.com “Milliyət”ə istinadla xəbər verir ki, Ləvənt adlı şəxs ifadəsində 2005-ci ildə xristianlıq dinini qəbul etdiyini və Basmane bölgəsi yaxınlığındakı Yenidoğuş kilsəsinə getməyə başladığını söyləyib.
Onun sözlərinə görə, həmin kilsədə pastor olan Endryu Branson İspaniya, ABŞ və Almaniya vətəndaşlığını daşıyırmış: “Bazar günləri ibadət zamanı kilsəyə 100-150 nəfərlik qrup gəlirdi. Onların içərisində türk kökənli insanlar, eləcə də kürd kökənlilər vardı. Kürdlər arasında yaşadığımız ölkəni sevən insanlarla yanaşı bölücü mövqeyi ilə seçilən, terror tərəfdarı olan 8-10 nəfər də vardı. Bəzilərinin soyadını bilmirəm, Saleh, Agit adlı şəxslər, əcnəbi kökənli Elizabet və başqaları bu cür idilər. Kilsənin pastoru Branson həmin şəxslərə xüsusi qayğı göstərirdi. Hətta günahları olsa belə, onları qorumağa, kilsədən uzaqlaşdırılmamasına çalışırdı. Bir dəfə qalmaqal zamanı təcavüz edən şəxs bölücü kəsimdən olduğuna görə əlindən gələni edib onu qorumuşdu”.
Şahid qeyd edib ki, Endryu Branson 2008-2009-cu illərdə terrora dəstək verdiyi üçün Yenidoğuş kilsəsindən qovulub. O, ifadəsində vurğulayıb ki, Branson bu hadisədən sonra təxminən 12 aya yaxın ölkə xaricində yaşayıb: “Türkiyəyə qayıdandan sonra Alsancaqda yeni kilsə açdı. Endryu açdığı kilsənin adını “Diriliş” qoydu. Mən onun məqsədini öyrənmək üçün həmin kilsəyə getməyə başladım. Bölücü mövqenin tərəfdarı olan həmin qrup da Diriliş kilsəsinə gəlirdi. Agitin bomba təlimi keçmiş terrorçu olduğunu eşitmişdik. Agitlə yanaşı, Məhmət, Saleh abi deyilən şəxs Endryu və həyat yoldaşı Norinlə zaman-zaman gündəmdəki hadisələrlə əlaqədar Kobani, Suruç kimi yerlərə gedirdilər. Bu şəxslər çəkinmədən Feysbuk sosial şəbəkəsində bu səfərlər və təşkilatla əlaqədar paylaşımlar edirdilər. Bu fotoşəkillərdən aydın görünürdü ki, Məhmət, Agit və tanımadığım terror təşkilatının üzvləri leşkər adlanan terrorçu geyimlərini geyinmiş, Kürdüstan bayrağını qaldırmışdılar. Endryu da onların arasında poz vermişdi. Suruçdakı partlayış və Kobani hadisələrinin yaşandığı dönəmdə Branson İncil kitabını kürdcə nəşr etdirərək həmin bölgələrə göndərdi”.
Şahid kilsənin üst mərtəbəsində iki otağın olduğunu söyləyib: “Bu otaqlara girmək qadağan olunsa da, kürdlərlə burada toplantılar təşkil edilirdi. Mən bu otağa girmək üçün fürsət axtarırdım. Həmin otağa daxil olanda stolların üstündə Türkiyə xəritələrini gördüm. Bəzilərinin üzərində işarələr qoyulmuş, sərhədlər dəyişdirilmişdi. Masanın yanında bağlama qoyulmuşdu. Bağlamanın birini açanda içərisində PKK-ya aid qeyri-qanuni broşürlərin olduğunu gördüm. Aşağıdan ayaq səslərini eşidəndə otaqdan başqası ilə telefonla danışırmış kimi çıxmağa çalışdım, amma Bransonun həyat yoldaşı Norin məni yaxaladı. 2015-ci ildə kilsədən ayrılsam da, dövlət çevirilişinə cəhddən sonra fərari FETÖ üzvlərinin Endryunun evində gizləndiyini eşitmişdim”.