İngiltərə Krallığının Hava Qüvvələrinə məxsus “Avrofayter Tipon” tipli döyüş təyyarələri bu gün Qara dəniz üzərində iki Rusiya təyyarəsi ilə birgə uçub.
Publika.az xəbər verir ki, verilən açıqlamada ingilis təyyarələrinin Rusiya Kosmos-Aviasiya Qüvvələrinə aid Be-12 dəniz patrul təyyarəsi və An-26 nəqliyyat təyyarəsinin yaxınlaşması səbəbilə Rumıniyadakı hava bazasından uçuşa keçdiyi bildirilib.
Açıqlamada, həmçinin, “bu, NATO-nun hava patrulu missiyası çərçivəsində İngiltərə Hava Qüvvələrinə aid döyüş təyyarələrinin Rusiya təyyarələrinin təhrikedici hərəkətlərinin qarşısını almaq və Rumıniya ilə NATO-dakı müttəfiqlərini dəstəkləmək üçün bir həftə ərzində gerçəkləşdirdikləri üçüncü təlimidir” ifadələri qeyd edilib.
İngiltərə təyyarələrinin pilotlarından biri isə iki rus təyyarəsinin Rumıniyanın hava sahəsinə daxil olduğunu deyib. Pilot yaxınlaşmanın təhlükəsiz və professional şəkildə baş verdiyini bildirib.
Qeyd edək ki, ötən gün İngiltərənin Müdafiə Nazirliyi ingilis qırıcılarının Qara dəniz üzərində rus təyyarəsi ilə birgə uçduğunu bildirmişdi. Bu açıqlamadan sonra Rusiyanın İngiltərədəki səfirliyi bu uçuşun təxribat xarakterli olduğunu açıqlamışdı. Rusiya Müdafiə Nazirliyi isə Qara Dəniz bazasına aid təyyarələrinin beynəlxalq hava sərhədləri qaydalarına uyğun şəkildə hərəkət etdiklərini bildirmişdi.