Türkiyə əgər İran və Rusiya ilə işbirliyini Suriyaya doğru davam etdirsə, PKK terror təşkilatının birdəfəlik sonuna çıxmaq üçün regional əməkdaşlığın yolu açılmış olacaq.
Teleqraf.com xəbər verir ki, Türkiyədə dərc olunan “Aydınlıq” qəzeti bu iddia ilə çışış edib.
Qəzet bildirir ki, Suriya ilə barış Türkiyəyə yönəlik təhdidləri aradan qaldırmaq üçün artıq qaçılmazdır. ABŞ-ın sanksiyaları ilə üz-üzə olan Türkiyə eyni təhdidlərlə üzləşən Rusiya və İranla əməkdaşlığını Suriya ilə razılaşaraq dərinləşdirmək məcburiyyətindədir.
Türkiyə əvvəlcə 2015-ci ildə iyulun 24-də PKK-ya qarşı əməliyyatlara başlayıb və 1 il sonra “Fərat qalxanı” əməliyyatı ilə ABŞ-ın Suriyanın şimalında yaratmağa çalışdığı terror dəhlizini kəsib.
2018-ci il yanvarın 20-də Suriyanın Afrin bölgəsində start verdiyi “Zeytun budağı” əməliyyatı ilə PKK-nın nəzarətindəki bölgə 2 aylıq bir müddətdə təmizlənib. “Fərat qalxanı” hərəkatı Türkiyənin Rusiya və İranla birbaşa razılaşması ilə başlamışdı.
Astana prosesi ilə masaya dördüncü ortaq olan Suriya da qoşulub. Suriyada ərazi bütövlüyünün təminatı üçün Əsəd rejimi ilə əl sıxmaqdan başqa çözüm qalmayıb. Türkiyənin Əsəd rəhbərliyi ilə əlaqə qurması iqtisadi böhran üçün də zəruridir.
Suriya Yaxın Şərq ölkələrinə ixrac marşrutudur. Belə ki, Suriya xətti açılarsa, Hataydan Antalyaya qədər uzanan bölgədə yetişdirilən kənd təsərrüfatı məhsulları üçün yeni bazar açılmış olacaq.
Alanyadakı tərəvəz istehsalçıları Yaşar Kösə, Mehmət Yıldız, Hüsaməddin Torpaq, Rəsul Dağ əvvəllər Aralıq dənizi bölgəsindəki məhsulların ərəb tacirlər tərəfindən alındığını və Suriyadakı hadisələr başlanandan sonra istehsal etdikləri məhsulları satmaqda çətinlik çəkdiklərini, qiymətlərin düşdüyünü söyləyiblər. Onların fikrincə, Suriya ilə əlaqələr yaxşılaşarsa, yenidən Yaxın Şərq ərəb bazarına daxil olmaq mümkün olacaq. Qaziəntəpli sənayeçilərin fikrincə, Suriya marşrut xəttinin açılması iqtisadi böhranı da aradan qaldıra bilər.