17 Sentyabr 2018 15:17
1 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir il əvvəl Rusiya prezidenti ilə Qarabağ haqda müzakirələr apararkən, ATƏT-in Minsk qrupundakı formal üzvlüyünə deyil, daha çox Yaxın Şərq və Cənubi Qafqaz bölgəsinin vahid geosiyasi müstəvi təşkil etməsindən çıxış edirdi. O biri tərəfdən, Prezident İlham Əliyevin liderliyi altında son 100 ildə ilk dəfə ən əlverişli dövlətlərarası münasibətlər formalaşdırmasının üzərindən sükutla keçmək olmaz. Bir tərəfdən Tehran-Ankara-Moskvanın mənafeləri xüsusilə də 90-cı illərdən bu yana heç zaman indiki qədər müsbət planda çulğalaşmayıb, o biri tərəfdən qoca tarix sübut edir ki, ölkə rəhbərləri siyasi xəritələri dəyişdirmək və ya keçmişdə formalaşan status-kvonu korreksiyaya məruz qoymaq üçün hər zaman yalnız bir nöqtəyə fokuslanmırlar.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, 4 il əvvəl Türkiyə Krım ətrafında Kreml sahibi ilə uzlaşmaya getdi və buna hansı hesablaşmalar, sövdələşmələr naminə əl atdığını yalnız ehtimal etmək olar:

“Hərçənd Ukrayna ilə müqayisədə Azərbaycan Avrasiya qitəsi, o cümlədən, türk dünyası və konkret Türkiyədən ötrü daha böyük siyasi-iqtisadi və təhlükəsizlik əhəmiyyətinə malikdir, belə olanda Ərdoğanın xarici siyasət üzrə müşavirlərinin Soçidə Qarabağ fürsətini əldən buraxması tarixi şansın qaçırılması olardı.

Bir əvvəl noyabrda Putinin Qarabağ məsələsində məsuliyyəti tərəflərin üzərinə qoyması və “ümidsiz olması”ndan çıxan nəticələrlə bir il sonrakı durumda ediləcək təşəbbüslərin eyni nəticə ilə sonuclanacığını düşünmək əbədi bədbinlərin işidir. Niyə? Axı Ermənistanda o vaxt hakimiyyətdə olanlar birbaşa Kremlin iradəsinə tabeydilər və belə olanda Azərbaycan tərəfinin ən həssas regional siyasi kontekstdən faydalanmaq istəkləri də arzu etdiyi yekunlara çatmağa qoymurdu. Ancaq indi vəziyyət kökündən dəyişib. Cənubi Qafqazda Gürcüstanın ardınca ikinci bir paytaxtda qərbləşmə tərəfdarları hakimiyyətə gəliblər.

Bir əsr ərzində hökmranlıq edən siyasətin buzu sınmağa başlayıb. Düzdür, hələ də konspirasiya həvəskarları Paşinyanı az qala Dumadakı sistem müxalifətinin üzvləri kimi qələmə verirlər, lakin reallıq odur ki, hazırkı İrəvan siyasi elitası Qərbin təsir agentlərindən və gerçək casuslarından ibarətdir. Fransa prezidenti Makronun inqilab liderini az qala Avropa Birliyinin üzv dövlət nümayəndəsi kimi qəbul etməsi və demokratiyaya yardım vədlərinin hansı məqsəd güddüyünü anlamaq o qədər də çətin deyil”.

Zahid Oruc hesab edir ki, Yaxın Şərq və Qafqazda Türkiyənin Rusiya ilə razılaşmaları üçün geniş zəmin var: “Hər halda Əsədi legitim dövlət başçısı kimi qəbul etməmək AKP hökumətinin özü işidir, amma İdlib ətrafında qurulan məxfi ssenarilərdə Azərbaycanın bölgəsəl maraqlarını da ələ almaq Türkiyənin mövqeyini gücləndirir və ən sonda nəhayət, Moskvanın Qarabağ münaqişəsinə münasibətinin dəyişməsinə səbəb ola bilər. Onsuz da rəsmi Ankaranın Paşinyan hökumətinə münasibəti tam aydın deyil, amma tabloya bütöv baxmaq türk diplomatlarının borcudur”.

Millət vəkili bildirib ki, İndi də Suriyada Rusiyanın rolunu tanıyan Ankara Qarabağda eyni güzəştləri Moskvadan istəyə bilər: “Bu isə öz növbəsində Əliyev Ərdoğanın türk aləmində liderliyinin böyük göstəricisi olmaqla yanaşı, Putinə də Qərblə savaşda olduğu indiki şəraitdə çoxlu tərəfdaş dövlətlər qazandırardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər