Yunanıstanın hərbi gəmilərinin Türkiyəyə məxsus “Barbaros Hayrettin Paşa” gəmisinin Aralıq dənizinin şərqində apardığı kəşfiyyat-qazma işlərinə maneə olmaq cəhdinin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə hökuməti bu cür halların davam etməsinin yolverilməz olduğunu bəyan edib.
Türkiyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu ölkə Aralıq dənizinin “Güzelyurt” hissəsində beynəlxalq hüquq normalarına uyğun olaraq özünə aid ərazidə kəşfiyyat-qazma işləri aparır.
Türkiyə Xarici İşlər Nazirliyi isə hesab edir ki, Yunanıstan tərəfi əsassız iddiaları kənara qoymalı və münasibətləri mehriban qonşuluq siyasəti çərçivəsində davam etdirməlidir.
Qeyd edək ki, Yunanıstana məxsus hərbi gəmilər oktyabrın 17-də Aralıq dənizinin şərqində kəşfiyyat-qazma işlərinə başlayan “Barbaros Hayrettin Paşa” gəmisinə mane olmağa cəhdi edib. Lakin Türkiyə Hərbi Dəniz Qüvvələrinin ərazidəki qüvvələrinin müdaxiləsi nəticəsində bu qanunsuz cəhdin qarşısı alınıb.