Nyu Yorkun Hudson çayında cəsədləri tapılan iki bacının yaxın çevrəsinə “Səudiyyəyə dönməkdənsə ölməyi üstün tuturuq” dedikləri məlum olub.
Teleqraf.com xəbər verir ki, bir neçə gün əvvəl çayda tapılan və bədənləri bir-birinə bağlı olan səudiyyəli 16 yaşlı Tala ilə 22 yaşlı Rotana Farea bacılarının ölümünün səbəbləri ortaya çıxıb.
Nyu York polis idarəsinin rəisi Dermot Şea bildirib ki, bacılar Səudiyyəyə geri qayıtmaqdansa ölümü üstün tutublar.
Onun sözlərinə görə, bacılar əvvəl Virciniya ştatına gəliblər, daha sonra Nyu Yorkda məskunlaşıblar. Burada bahalı otellərdə qalıblar: “Onların əməllərində, ümumiyyətlə bu hadisədə cinayət şübhəsi yaradacaq bir dəlilə rast gəlinməyib”.
Xatırladaq ki, polis rəsmiləri ölən qızlarının cəsədi tapılmamışdan bir gün əvvəl Səudiyyə Ərəbistanının Vaşinqton səfirliyindən onlarla əlaqə saxlanıldığı, qızlarının siyasi sığınacaq tələb etmələri səbəbindən ailənin ABŞ-ı tərk etmək istədikləri açıqlanmışdı.
Səudiyyə səfirliyinin rəsmisi isə CNN-ə verdiyi açıqlamada diplomatik korpusun bacıların ABŞ-dan siyasi sığınacaq istədikləri haqda informasiyalı olduğu, amma onlarla əlaqə saxlanılmadığını qeyd edib.