27 Dekabr 2018 14:56
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Donald Trampın Suriyadakı ABŞ hərbi qüvvələrini geri çəkmək qərarı bölgədə güc balansını dəyişəcək. Bundan əvvəl Türkiyə ABŞ-dan Suriyada Rusiyaya təzyiq vasitəsi kimi istifadə edə bilirdisə, indi belə bir fürsəti olmayacaq. Rəsmi Ankara Moskva ilə danışıqlar aparmaq məcburiyyətində qalacaq. Lakin bu vəziyyət Türkiyənin lehinə ola bilər, çünki Rusiya ABŞ qədər sərt deyil”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Hürriyyət” qəzeti yazıb.

Qəzet qeyd edir ki, ABŞ-ın Suriyadan çəkilməsi bölgədə sabitlik yaratmayacaq:

“Bəsrə Körfəzi Müharibəsi dönəmində, ABŞ hərbi qüvvələri Yaxın Şərqi darmadağın etdilər. İndi də Amerika qüvvələrinin Suriyadan çəkilməsi, bölgəyə sabitliyin gələcəyi demək deyil.

Yəni, bu addım Suriyanı ideal vəziyyətə gətirməyəcək. Lakin bu, Bəşər Əsədin xeyrinə olan qərardır. Əsəd Türkiyə, Qərb və digər qüvvələrin hücumlarına baxmayaraq, hakimiyyətini təslim etmədi, məğlub olmadı. İndi də Türkiyəni Suriyanın şimalını kürdlərin nəzarətinə verməklə hədələyir”.

Lakin “Hürriyyət” hesab edir ki, Əsəd vaxtilə onu devirməyə çalışan kürd birlikləri (Kürdüstan Fəhlə Partiyası) ilə işbirliyinə getməyəcək:

“Bir tərəfdən də Türkiyə Əsəddən çox, onun üzərində böyük təsiri olan Rusiya ilə məşğuldur. Əlbəttə, ABŞ-ın geri çəkilməsindən sonra Suriya məsələsində Rusiya-Türkiyə münasibətlərinin istiqaməti bəlli olacaq. Moskvanın niyyəti isə bəllidir. Rusiya NATO-nun Suriyada möhkəmlənmək cəhdlərini təhdid kimi qəbul edir, buna görə də, alyans daxilində fikir ayrılığı yaratmaq üçün Türkiyədən istifadə etməyə çalışır.

Buna görə də, Türkiyənin silahlı kürd birləşmələrini tamamilə zərərsizləşdirməsinə imkan verməyəcək. Nəzərə almaq lazımdır ki, Kürdüstan Fəhlə Partiyasının 2016-cı ildən bu yana Moskvada nümayəndəliyi fəaliyyət göstərir”.

Qəzet bildirir ki, baş verənlərə baxmayaraq, ABŞ-la müqayisədə Rusiya ilə bazarlıq etmək Türkiyə üçün daha asandır. Mənbə bu baxımdan, ABŞ-ın geri çəkilməsinin bölgədə fəlakətə yol açmayacağı iddiasını da müdafiə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər