İran İslam Respublikasına müxalif mənbələrin fevralın 1-də yaydığı məlumata əsasən, ölkənin Ali Milli Təhlükəsizlik Şurası rəhbərinin kiber bölümü üzrə baş müşaviri, Raket və Kiber Hücumdan Müdafiə Təşkilatının yüksək rütbəli üzvü Turəc İsmayili ölkədən qaçaraq Türkiyədəki Qərb ölkələri səfirliklərindən birinə sığınıb.
Teleqraf.com xəbər verir ki, T.İsmayilinin İranın kiber informasiyasının fəaliyyət mexanizmi ilə bağlı yüzlərlə gizli və mühüm sənədi ölkədən xaric etdiyi vurğulanır.
Böyük Britaniyanın “İSİCRC” saytının İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin yaxınlarından birinə istinadla yaydığı məlumata əsasən, T.İsmayili yanvarın 13-də ölkədən qaçıb.
Saytın bildirdiyinə görə, İsmayili ölkədən qaçandan sonra əvvəlcə İstanbulun “Avant Garde Taksim” hotelində məskunlaşıb. Lakin az sonra İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) onun qaldığı yeri müəyyənləşdirərək, öz xəfiyyələrini hotelə göndərib.
ETTELAAT əməkdaşlarının İstanbula göndərilməsindən xəbər tutan İsmayili cəld tərpənərək hoteli tərk edib və xarici ölkələrdən birinin baş konsulluğuna müraciət edib.
T.İsmayilinin konkret hansı xarici konsulluğa müraciət etdiyi açıqlanmasa da, onun ABŞ-ın İstanbuldakı baş konsulluğunu sığındığı təxmin edilir.
Məlumatda həmçinin qeyd edilir ki, 2018-ci ilin aprel ayından bu yana İran Ali Milli Təhlükəsizlik Şurasının 3 yüksək rütbəli əməkdaşı (Əlirza Zərafifan, general İsa Qolverdi və Qafur Dərqazi) casusluqda günahlandırılaraq həbs edilib. Onların hazırda harada saxlanıldığı haqda hər hansı bir məlumat yayılmayıb.
Rəsmi Tehran T.İsmayilinin ölkədən qaçıb Türkiyədə xarici bir səfirliyə sığınması barədə yayılan məlumatlara hər hansı reaksiya verməyib.