1939-1944-cü illərdə Almaniyanın Türkiyədəki səfiri Franz Von Pepen Türkiyə Cümhuriyyətini II Dünya Müharibəsində almanlara qarşı savaşda rol almaması üçün ciddi çalışırdı. 1942-ci ilin 24 fevralında SSRİ kəşfiyyatı Ankarada alman səfir Pepenə sui-qəsd təşkil etdi. Lakin sui-qəsd uğursuz alındı və sovet kəşfiyyatı səfiri öldürə bilmədi.
Teleqraf.com Alman siyasi, hərbi, diplomatiya və kəşfiyyat tarixinin mühüm fiqurlarından olan Franz Von Pepenin dosyesini təqdim edir.
Von Pepen 1879-cu ilin 29 oktyabrında Verledə zəngin mülkədar ailəsində doğulub. Kotolik olan Pepen 1905-ci ildə Marta fon Box Qalxau ilə ailə qurub. Marta öz dövründə Almaniyanın ən zəngin ailələrindən birinin qızı olub. Onun valideynləri Villeroy Boch firmasının sahibi olub.
Gənc Pepen I Dünya Müharibəsində Almaniya Silahlı Qüvvələrinin Baş Qərargahında zabit kimi xidmət edib. 1913-1915-ci illərdə Almaniyanın Amerikadakı səfirliyinin hərbi attaşesi olub. Əslində isə gənc zabit ABŞ-a kəşfiyyat fəaliyyəti üçün göndərilmişdi. Daha sonra Pepen Qərb cəbhəsində xidmət keçib.
1916-cı ildə Von Pepen əsasən Alman hökumətinin İrlandiya üsyançılarına göndərdiyi silahları çatdırıb. O dövrdə İrlandiya üsyançı-respublika tərəfdarları bu silahlardan İngiltərə ordusuna qarşı istifadə edirdi.
1917-ci ildə Von Pepen alman Baş Qərargahının Yaxın Şərqdəki nümayəndəsi olaraq fəaliyyət göstərib. Mayor rütbəsində Fələstində olan Pepen türk ordusu ilə yaxın əlaqələr qura bilib.
1918-ci ildə Almaniyaya qayıdıb və 1919-cu ilin yazında polkovnik-leytenant rütbəsi ilə ordudan tərxis olub.
1921-ci ildə siyasətə gəlib. 1921-1932-ci illərdə Prusiya əyalətinin deputatı olub. Katolik əsaslı Mərkəz Partiyasında təmsil olunub.
1925-ci ildə keçirilən prezident seçkilərində öz partiyasını təəccübləndirərək Paul fon Qindenburqun namizədliyini müdafiə edib. Baxmayaraq ki, partiya öz namizədi Vilhelm Marksa üstünlük verirdi.
1932-ci ildə faktiki Prusiyada yerli hökumətə rəhbərlik edib. Reyxstaqda əksəriyyətin dəstəyinə malik olmadan koalisiya hökumətinin formalaşmasının yollarını axtaran Pepen eyni zamanda vitse-kansler kimi Hitlerin kabinetə əlavə olunmasını təklif edib. Lakin Adolf Hitler bu təklifdən qəti sürətdə imtina edirdi.
Real hakimiyyəti ələ almaq niyyətində olan Hitler bu postu yetərli saymır, (Hitlerin partiyası yayda keçirilən seçkilərdə 680 mandatdan 230-nu əldə edərək Reyxstaqın ən böyük fraksiyası oldu) seçiciləri yeni seçkilərə doğru aparırdı.
Bu müddətdə Von Pepenlə general Kurta Şleyxar arasında faktiki konflikt yarandı. General Şleyxar prezident Qinderburqun ona olan etimadından istifadə edərək Pepenin istefaya göndərilməsinə nail oldu. Bu iki şəxs arasında müşahidə edilən konflikt nasistlərin hakimiyyətə gəlişini bir qədər də tezləşdirdi.
1933-cü ildə prezident Qinderburqun razılığı ilə Hitlerlə danışıqlar aparan Pepen daha sonra Adolf Hİtlerin qurduğu kabinetə daxil olaraq ölkənin vitse-kansleri vəzifəsini tutur. Bu vəzifədə 1934-cü ilin iyununa qədər qala bilir.
Pepenin 1934-cü ilin 17 iyununda Marburqskom universitetində çıxışı isə tarixdə “Marburq nitqi” kimi yadda qaldı. Həmin nitqində Pepen nasistləri ciddi tənqid atəşinə tutdu. Bu Adolf Hitleri oduqca qəzəbləndirdi. Həmin gün gecə saatlarında Pepen Borziqa sarayında saxlanıldı, Gestapo onun evində axtarış apardı. Bu axtarış zamanı vitse-kanslerin media məsələləri üzrə köməkçisi Qerbert Boze güllələndi. Pepenin özü isə 3 gün ərzində ev dustaqlığına məhkum edildi.
Qəribədir ki, Von Pepen 1934-cü ilin martında Avstriyada səfir təyin edilir.
1939-cu ildə o, təcrübəli siyasətçi və diplomat kimi Türkiyəyə səfir təyin olunur. Onun qarşısında əsas məqsəd kimi Türkiyənin II Dünya Müharibəsində Almaniya tərəfindən çıxış etmək tapşırığı qoyulur. Az müddətdən sonra bu məqsəd dəyişdirilir və nəyin bahasına olursa-olsun Türkiyənin bu müharibədə müttəfiq ölkələr tərəfində yer almaması əsas götürülür.
Pepen bu məqsədə müəyyən qədər nail ola bilir. Onun Ankaradakı aktiv diplomatik fəaliyyəti, əldə etdiyi uğurlar qısa müddət ərzində sovet kəşfiyyatının diqqətini cəlb edir. Məhz bu səbəbdən də SSRİ kəşfiyyatı 1942-ci ilin 24 fevralında səfirə sui-qəsd təşkil edir, lakin onu aradan götürmək mümkün olmur. Müharibənin gedişatında Hitler iqtidarı Pepeni Papa yanında özünün nümayəndəsi təqdim etməyə çalışır, lakin Papa XII Piy bu təklifi rədd edir.
1945-ci ilin apreində Von Pepen Rurda ABŞ ordusunun IX diviziyası tərəfindən həbs edilir.1946-cı ildə Nürnberq məhkəməsinə çıxarılır və məhkəmədə bəraət alan az sayda şəxslərdən biri olur.
1950-ci illərdə Pepen yenidən siyasətə qayıtmağa cəhd göstərsə də, uğursuzluğa düçar olur. Bundan sonra Pepen Bençenxofen qəsrində yaşayıb və çoxlu sayda kitablar yazıb. O, kitablarında 1930-ci illərdə aparılan siyasətə haqq qazandırmaq çalışır və bunu daha çox yeni başlayan “Soyuq müharibə” ilə müqayisə edirdi.
Franz Von Pepen 1969-cu il, mayın 2-də Baden də vəfat edib.