BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın iddiasını rədd edib.
Ötən ilin iyul ayında Haaqa məhkəməsi İranın iddiasını təmin edən qətnamə qəbul etmişdi. Qətnamədə bildirilirdi ki, ABŞ-ın İranın kənd təsərrüfatına və səhiyyə sisteminə qarşı tətbiq etdiyi sanksiyalar humanizmdən və insanpərvərlikdən uzaq olmaqla yanaşı, beynəlxalq qanunlara da ziddir. Məhkəmə ABŞ-ı göstərilən sahələrə tətbiq olunan sanksiyaları aradan qaldırmağa çağırmışdı. Lakin ABŞ-ın Ədliyyə Nazirliyi beynəlxalq məhkəmənin qərarı ilə razılaşmayaraq əks iddia irəli sürmüş və bildirmişdi ki, bu məsələ siyasi xarakter daşıyır. Çünki İrana qarşı sanksiya tətbiq etməklə ABŞ öz milli maraqlarını müdafiə edir. Ona görə də beynəlxalq məhkəmənin İranın iddiasına baxmaq və ABŞ əleyhinə qərar qəbul etmək səlahiyyəti yoxdur.
Fevralın 14-də BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın iddiasını rədd edərək, bu kimi məsələlərə baxmaq səlahiyyəti olduğunu bildirib.
Siyasi və iqtisadi sahələrdə olduğu kimi, hüquqi müstəvidə də ABŞ və İran gərgin mübarizə aparır. ABŞ-ın Kolumbiya dairəsinin məhkəməsi 2012-ci ilin iyununda mətbuatda “Peterson və başqaları” adlanan işə baxaraq 1983-cü ildə ABŞ-ın Beyrutdakı hərbi bazasında törədilmiş terror aktına görə İranı ittiham etmişdi. Kolumbiya dairə məhkəməsinin qərarına görə, İranın ABŞ banklarında qalan aktivlərindən 8 milyard dollar müsadirə edilərək terrorda zərər çəkmiş hərbçilərin ailələrinə verilməli, habelə dövlətə dəyən ziyan ödənilməlidir.
Həmin vaxt ABŞ-ın Nyu-York şəhərinin cənub dairəsinin məhkəməsi də adekvat qərar qəbul edərək “City Bank”da İrana məxsus valyuta ehtiyatından 1 milyard 750 milyon dolların müsadirə edilməsinə nail olmuşdu. Hər iki məhkəmənin qərarı gecikdirilmədən icra edilmişdi.
Bütün bunlara qarşı etiraz edən İran Haaqa məhkəməsinə müraciət etmək məcburiyyətində qaldı. İranın sanksiyalarla əlaqədar müraciətinə baxılsa da, pullarının ABŞ məhkəmələri tərəfindən müsadirə edilməsi işi hələ də Haaqa məhkəməsi tərəfindən araşdırılır.
İran Haaqa məhkəməsinə müraciətində onu da nəzərə çatdırır ki, ABŞ məhkəmələrinin qərarları beynəlxalq qanunlara ziddir. Hər hansi milli məhkəmənin qərarı ilə beynəlxalq səviyyəli mübahisə həll edilə bilməz. Dövlətlər arasında yaranan mübahisələr daxili məhkəmənin deyil, beynəlxalq məhkəmənin qərarı ilə həll edilməlidir.
/Azərtac/