16 Fevral 2019 10:28
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fərat çayının şərq sahillərinə PYD və YPG terror təşkilatlarını mühafizə edəcək güclərin dislokasiya edilməsi müzakirə oluna bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyadan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan ABŞ-ın Suriyadakı hərbi qüvvələrini geri çəkməsindən də danışıb:

“ABŞ qüvvələrinin Suriyadan çıxarılması prosesi qeyri-müəyyən görünür. Trampın Suriyadan çəkilmək qərarı və təhlükəsizlik zolağının qurulması ilə bağlı fikirləri səmimidirsə, o zaman vədini yerinə yetirməlidir”.

Türkiyə prezidenti bölgədə qurulması nəzərdə tutulan təhlükəsizlik zolağı üçün planını da açıqlayıb:

“Təhlükəsizlik bölgəsi Türkiyənin nəzarətində olmalıdır. Bu olmasa, biz yenə də təhdid altında qalmağa davam edəcəyik. Biz bu təhlükəsizlik zolağının PYD və YPG-nin mühafizəsi üçün istifadə edilməsinə icazə verməyəcəyik.

Bu, Suriya kürdlərinin təhlükəsizliyi üçün də vacibdir. Biz təhlükəsizlik bölgəsini Suriyanın ərazi bütövlüyünü qorumaq və öz təhlükəsizliyimizi təmin etmək üçün istəyirik. Rusiya da bu plana isti yanaşır”.

Qeyd edək ki, fevralın 14-də Soçidə Türkiyə, Rusiya və İran prezidentləri arasında Suriya böhranına dair görüş keçirilib.


Müəllif: Mənsur Rəğbətoğlu