Dubay əmirliyinin vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum beynəlxalq ticarəti birləşdirmək sahəsində Dubayın rolunun artırılması üçün inkişaf planını təsdiqləyib.
Tarixən Şərqlə Qərbi birləşdirən ticarət yolları şəbəkəsinin şərəfinə adlandırılan “Dubai Silk Road” (“Dubay İpək Yolu”) strategiyası əmirliyin loqistik sektorunun inkişafına yönəlib. Dubay şahzadəsinin fikrincə, bu layihə iqtisadiyyatın diversifikasiyası sahəsində planların reallaşmasının açarıdır. Şahzadə öz “Twitter” səhifəsində yazıb ki, bu, dünya ticarətində Dubayın strateji cəhətdən gələcəkdə möhkəmlənməsinə yönəlib”.
Dubayın “Ports, Customs and Free Zone Corporation” korporasiyası və digər dövlət strukturları ilə birgə hazırlanmış “Dubay İpək Yolu” strategiyası ikitərəfli yanaşmaya əsaslanır: azad ticarət zonaları arasında və ölkə daxilindəki digər əmirliklərlə ticarətin genişlənməsi və “DP World” terminalının digər dünya ölkələri ilə ticarət əlaqələrinin təkmilləşdirilməsi.
Qeyd olunur ki, “Emirates” milli aviaşirkətinə bu strategiyada xüsusi yer ayrılır.
“Ports, Customs and Free Zone Corporation” korporasiyasının sədri Sultan Əhməd bin Sulayemin açıqlamasında qeyd olunur ki, bu strategiya həm regional, həm də beynəlxalq səviyyədə tanınmış dəniz və hava limanlarının, azad ticarət zonalarının yaranmasına onilliklərlə yatırılan sərmayələri tamamlayır. Onun sözlərinə görə, 2017-ci ildə neft sektorunu nəzərə almamaqla, Dubayın xarici ticarətinin həcmı 1,302 trilyon dirhəmə (354,49 milyard dollara) çatıb. Bu həcmin 33 faizi azad ticarət zonalarının payına düşür.
“Dubai Silk Road” strategiyasına doqquz təşəbbüs və 33 layihə daxildir. Bu yeni strategiya üzrə “Emirates Airlines”, “Dubai Airports”, “Dubai South”, “Dubai Free Zones (DFZ) Council”, Dubayın dəniz əlaqəsi, nəqliyyat və yollar idarələrinin, Dubay bələdiyyəsinin, “DP World” loqistik korporasiyasının, “Jebel Ali Free Zone” azad ticarət zonalarının arasında sıx əməkdaşlığın qurulmasını nəzərdə tutur.
/Azərtac/