ABŞ Dövlət Departamenti Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri alacağı təqdirdə müxtəlif sanksiyalara məruz qala biləcəyi anonsunu verir.
Teleqraf.com xəbər verir ki, dövlət katibi sözçüsünün köməkçisi Robert Palladino deyib ki, ABŞ-ın S-400 mövzusunda mövqeyi dəyişməz olaraq qalır.
O, əlavə edib ki, Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdləri ABŞ-ı ciddi narahat edir.
Hava müdafiə sistemləri mövzusunda Türkiyə ilə birlikdə işləməyi, Ankaraya alternativ olaraq Patriot və digər sistemləri təklif etdiklərini vurğulayan Palladino qardaş ölkəni sanksiyalarla təhdid edib:
“Türkiyəyə Rusiyadan S-400 alacağı təqdirdə onun F-35 proqramında iştirakının yenidən dəyərləndirilməsinin ortaya çıxacağı, gələcəkdə digər potensial silah transferlərini riskə salacağını açıq dedik. Bundan başqa, Amerika Düşmənlərinə Sanksiyalarla Mübarizə qanunu çərçivəsində S-400 alqı-satqısına daxil olan dövlət və ya özəl qurumlara, habelə şəxslər potensial sanksiyalara məruz qala biləcəyini açıq formada dilə gətirdik”.