Özbəkistan prezidenti ölkəsinin dünyəvi dəyərlərə sadiq qalacağını bildirib
Özbəkistan prezidenti İslam Kərimov ölkəsinin dünyəvi dəyərlərə sadiq qalacağını bildirib. İstiqamet.com xəbər verir ki, o, ölkəsinin İslam şəriətinə uyğun idarə olunmasına izn verməyəcəyini deyib.
Özbəkistanın müstəqilliyinin 23-cü ildönümü ilə bağlı olaraq Özbəkistanda müxtəlif tədbirlər keçirilir. Başda İslam Kərimov olmaqla dövlət rəsmiləri paydaxt Daşkəndə şair Əlişir Nəvainin adını daşıyan "Şəhidlər Xiyabanı"nı ziyarət edib. Tədbirdə öncə Quran oxunub və şəhidlərin ruhuna dua oxunub.
İ.Kərimov çıxışında bildirib ki, ölkəsi dünyəvi dəyərlərə sadiq qalacaq. O, ölkəsinin İslam şəriətinə uyğun idarə olunmasına izn verməyəcək.
Bu sözləri deyərkən onun sağ tərəfində Özbəkistan Müftisi Osmanhan Alimov, sol tərəfində isə Daşkənd baş imamı Anvar Tursonov olub. İraqda İŞİD-in əməllərindən danışan Kərimov ‘Qeyri-ənənəvi dini təriqətlər"in Özbəkistana ayaq açmayacağını bildirib.
İŞİD-i tənqid edən İ.Kərimov sonra baş müfti Osmanhan Alimova baxaraq "Bizim dini qurumumuz bununla bağlı nə edir" deyə soruşub.
Sərt sualın qarşısında müfti "bunlar din, İslam düşmənləridir. Bizim dini idarəmiz bunları insanlıq düşməni elan etdi. Bu yöndə insanları xəbərdar edirik” dedi.
Özbəkistan prezidenti mövzu ilə bağlı Səmərqəndəki İmam Buhari adına dini mərkəzdə konfrans keçirilməsini təklif edib. Yanındakı imamlara isə tədbirlə bağlı fətva verib: "Mən sizlərə əmr verə bilmərəm. İslamda əmr yox, fətva var".
Bundan sonra İ.Kərimov müstəqillik günü ilə bağlı keçirilən konsertə qatılıb. Amma xarici qonaqlar bildiriblər ki, sadə özbəklərdə bayram sevincini müşahidə etmək olmur.