3 min ildən çox tarixə malik Novruz bayramı türklərin sıx məskunlaşdığı Bolqarıstanın Kırcali şəhərində təşkil olunmuş tədbirdə təntənəli şəkildə qeyd olunmuşdur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi, Kırcali bələdiyyəsi və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Kırcali şəhərinin mədəniyyət mərkəzində keçirilmiş bu tədbirdə istedadlı Azərbaycan rəssamı Cəmilə Həşımovanın “Türk Dünyasının Cənnət Bağları” adlı rəsm əsərləri sərgilənib və bolqar musiqiçisi Minko Lambovun rəhbərlik etdiyi qrupun ifasında xalq mahnıları və caz kompozisiyaları, o cümlədən, Vaqif Mustafazadə, Rain Sultanov, Əzizə Mustafazadə və digər Azərbaycan caz bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edilib.
Teleqraf.com xəbər verir ki, tədbiri çıxışı ilə açan Kırcali şəhərinin meri Həsən Əziz Azərbaycan səfirliyinin dəstəyi ilə Novruzun ilk dəfə Kırcalidə qeyd olunmasından məmnun olduğunu bildirərək bunun bir ənənəyə çevriləcəyinə və davamlı olacağına ümidini ifadə edib. Novruzun tək yazın gəlişi, təbiətin yenilənməsi və yeni ilin başlanğıcı deyil, həm də tolerantlığın, sülhsevərliyin və mərhəmətin simvolu olduğunu bildirən H.Əziz Bolqarıstanda bu dəyərlərin qorunub saxlandığını vurğulayıb. O, bolqar, türk və digər millətlərin birgə sülh içində yaşadığını, bir-birilərinə hörmətlə yanaşdıqlarını, dini tolerantlığın mövcud olduğu bildirərək, tədbirin müxtəlif mədəniyyətlərə qarşı mövcud ənənəvi tolerantlıq münasibətinin göstəricisi olduğunu qeyd edib. Kırcali şəhərində Novruz bayramının təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova Kırcali bələdiyyəsi tərəfindən təşəkkür plaketləri ilə təltif olunublar.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib. O, bir çox xalqların müsbət mənəvi dəyərlərini özündə əks etdirən Novruzun insanlar arasında birlik və mehribanlığının möhkəmləndirdiyini, mərhəmət və humanizm prinsiplərini təbliğ etdiyini və yenilik simvolu olduğunu bildirib. G.Əfəndiyeva bayram, onun keçirilmə qaydası və adətlər barədə ətraflı məlumat verib. O, Azərbaycan və digər ölkələrin təşəbbüsü ilə xalqlarımızın əziz el bayramı olan Novruzun UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyini xüsusi vurğulayıb. G.Əfəndiyeva Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ölkə başçılarının dəstəyi ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən müxtəlif sərgi, konsert, dəyirmi masa, konfrans və digər tədbirlərin təşkil edildiyini qeyd edib, Fondun əsas məqsədinin türkdilli xalqlarının irs və mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ etməkdən ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə sərgilənən rəssam Cəmilə Həşimovanın əsərlərinə diqqət çəkən G.Əfəndiyeva bildirib ki, bu əsərlərdə təsvir olunan cənnət məkanlarında sonsuz zaman çərçivəsində dolaşmaq, xeyir və şərin mahiyyətini anlamaq, gözəllik nədir kimi düşüncələrə dalmaq olur.
Səfir Nərgiz Qurbanova Azərbaycan xalqının əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə əziz tutduğu bayramlardan olan Novruzun gecə ilə gündüzün bərabərləşməsinin, yeni il və baharın gəlməsinin, təbiətin canlanmasının rəmzi olduğunu bildirib. Novruzun adət-ənənələrinin müxtəlif ölkə və regiondan asılı olaraq fərqləndiyini qeyd edən səfir çərşənbələr, evlərdə açılan bayram süfrəsi, hazırlanan nemətlər və Novruz inancları haqqında tədbir iştirakçılarına bəhs edib. N.Qurbanova bildirib ki, 2010-cu ildə baş tutmuş BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi "Beynəlxalq Novruz Günü" elan edilib ki, bu da böyük bir arealda yaşayan 300 milyondan çox insanın milli mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür.
Daha sonra tədbirdə iştirak edən Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Həmid Həmid çıxış edərək tədbirin keçirilməsinin gözəl təşəbbüs olduğunu bildirib və belə təşəbbüslərin davamlı olacağına ümidini ifadə edib.
Tədbirdə Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri Tsveta Karayançeva, Kırcali regionunun qubernatoru Nikola Çanev, millət vəkilləri, bələdiyyə başçıları və nümayəndələri, dini qurumların nümayəndələri, şəhər sakinləri, yerli KİV nümayəndələri iştirak edib.
Səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları, Novruz xonçası və bu bayram rəmzləri olan şirniyyatlar təqdim edilib.
Tədbir haqqında məlumat Kırcali regionunun yerli KİV-lərində geniş işıqlandırılıb.