“Rusiya telekanallarında anti-Ermənistan təbliğatı yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Rusiya tele-məkanında fərqli şərhlər ola bilər, amma ümumi mənzərənin Ermənistanın əleyhinə olduğunu düşünmürəm”, - deyə rus diplomat qeyd edib.
Ermənistanda iqtidarda olan “Mənim Addımım” blokunun deputatı Narina Tuxinyan isə “Mir”, “Rossiya”, “Kanal 1” kimi telekanallarda Ermənistan əleyhinə təbliğat aparıldığını bildirib.
O, bununla bağlı sual da ünvanlayıb: “Ümumiyyətlə, ermənilərə nifrət aşılayan, ermənilər əleyhinə təbliğat aparan proqramların yayımını dayandırmaq mümkündürmü?”
Buna cavab olaraq, Ermənistanın Milli Televiziya və Radio Şirkətlərinin rəhbəri Tiqran Akopyan rəhbərlik etdiyi qurumun 2018-ci il üzrə yayım hesabatını təqdim edib.
Akopyan hesabatında il ərzində Rusiya telekanallarında ermənilər əleyhinə irqçi çağırışların edildiyinə yer verib. Hesabatda Rusiyada fəaliyyət göstərən “RTR”, “Kultura”, “Kanal 1” və “Mir” kimi nüfuzlu telekanallar Ermənistan əleyhinə təbliğat aparmaqda ittiham edilib.
Ermənistan Baş naziri Nikol Paşinyan isə ölkə ərazilərində rus telekanallarının yayımının məhdudlaşdırılması çağırışını edib.