Özbəkistanın mərhum prezidenti İslam Kərimovun həbsxanada olan qızı Gülnarə Kərimova ölkədəki 1,2 milyard dollarlıq sərmayəsinin dövlətə təslim edildiyini, xaricdəki pulların geri qaytarılması üçün çalışdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə açıqlamanı sosial şəbəkədə yayımlayıb.
Axır vaxtlar çox dəyişdiyini və artıq adını təmizə çıxarmaq istədiyini bildirən Gülnarə Kərmova hər kəsdən üzr istəyib: “Xalqımdan, məni anlayan və hörmət edən bütün insanlardan üzr istəyirəm”.
Mərhum prezidentin qızı dövlətə qaytardığı əmlak və pulların ölkənin iqtisadi inkişafına təkan verəcəyini vurğulayıb:
“Ölkədəki 1,2 milyard dollar dəyərində sərmayələrim çoxdan dövlətin nəzarətindədir. İsveçrə banklarında dondurulan pulları geri qaytarmaq isə sadəcə mənim həll edə biləcəyim iş deyil. Bu pulları digər ölkələr də istəyir.
Mən və vəkilim 131 milyon dollar dəyərindəki pulun geri qaytarılması üçün əlimizdən gələni edirik, 555 milyon dollarlıq pul üçün də səylərimizi davam etdiririk”.
Kərimova eyni zamanda, səhhətindəki problemlərə görə əməliyyat olmaq istədiyini və buna görə müraciət etdiyi Özbəkistan Prezidenti Şövkət Mirzyayevin bu istəyi xoş qarşılayacağını qeyd edib.
2017-ci ildə korrupsiya, rüşvət, fırıldaqçılıq, ticarət və gömrük qanunlarını pozmaq ittihamı ilə 10 il azadlıqdan məhrum edilən Gülnarə Kərimovanın cəzası dövlətə vurduğu zərəri kompensasiya etmək təklifinə görə 5 ilədək azaldılıb.
O, bu ilin mart ayında məhkum edildiyi ev həbsinin şərtlərini pozduğuna görə paytaxt Daşkənd yaxınlığındakı bir həbsxanaya köçürülüb.