Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş Xankəndi şəhərindəki hava limanından istifadə edə bilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hayastani Anrapetutyun” qəzeti məlumat yayıb.
Qəzet aeroportun Azərbaycan Silahlı Qüvvələrinin raketlərinin nəzarətində olduğunu bildirib.
Nəşr erməni tərəfinin hökumətinin ABŞ Konqresinin Nümayəndələr Palatasında təmas xəttindən snayperlərin çəkilməsi və ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı qəbul etdiyi qərara ümid etdiyini bildirib.
Beləliklə, erməni nəşri işğalçı tərəfin Azərbaycan ordusundan qorxduğunu açıq formada etiraf edib.
Əlavə edək ki, bir neçə gün əvvəl Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı separatçı sənəd qəbul olunub. Sözügedən sənəddə bir qrup ermənipərəst senator “DQR”-in Azərbaycan ordusunun hücumlarından müdafiə edilməsinə dəstək verib.
Sənəd ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı Amerika Erməniləri Milli Assambleyasının (ANCA) maliyyə dəstəyi ilə müzakirəyə çıxarılıb.