9 Avqust 2019 16:00
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın baş naziri Dmitri Medvedyev Avrasiya İqtisadi İttifaqının Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstanın İssık-Kul vilayətində yerləşən kurort şəhəri Çolpon-Ataya gəlib.

Teleqraf.com xəbər verir ki, o, burada Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovla görüşüb.

Görüş sabiq prezident Almazbek Atambayevin saxlanılması fonunda baş verdiyi üçün daha çox diqqət çəkib.

D.Medvedyev S.Jeenbekova Rusiya Prezidenti Vladimir Putinin salamlarını çatdırıb və respublikaya dəstək verəcəklərini vəd edib:

“Bizim həqiqətən çox yaxşı inkişaf etmiş əlaqələrimiz var. Biz müxtəlif mövzularda məsləhətləşirik. Biz mümkün qədər dostumuz və tərəfdaşımıza – Qırğızıstan Respublikasına kömək etməyə və dəstək verməyə çalışırıq. Bu davam edəcək, buna şübhə etməyin”.

Öz növbəsində Jeenbekov son illərdə ölkələrin ən yüksək səviyyədə sıx siyasi dialoq apardığını vurğulayıb: “Biz sizin dəstəyinizi hər zaman hiss edirik. Siz Qırğızıstanda strateji tərəfdaşlığımıza töhfə verən əsl dost kimi tanınırsınız. Biz də sizi yaxın dostumuz hesab edirik. Siz Qırğızıstana hər zaman xüsusi münasibət göstərirsiniz”.

D.Medvedyev daha sonra qırğız həmkarı Muhammedkal Abılqaziyevlə görüşüb. Görüş Çingiz Aytmatov adına “Ruh Ordo” mədəni-etnoqrafik kompleksinin ərazisində keçirilib.

Abılqaziyev həmkarını “Yurt” qonaq evində qəbul edib. Baş nazirlər bir-birlərinin əllərini sıxıb. Bundan dərhal sonra mətbuatın iştirakı olmadan bağlı qapılar arxasında danışıqlara başlayıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər