Berlində sui-qəsd nəticəsində bir şəxsin öldürülməsi Rusiya-Almaniya münasibətlərində böhrana səbəb olub.
Teleqraf.com xəbər verir ki, alman tərəfi sui-qəsdin Rusiya ilə əlaqəli olduğu qənaətindədir.
Qeyd edək ki, bir neçə gün əvvəl Berlində Tiergarten Parkında bir şəxs yaxın məsafədən iki dəfə vurulub. Alman polisi araşdırmalardan sonra onun Zəlimxan Xanqoşvili adlı gürcü qaçqın olduğunu müəyyən edib.
Xanqoşvili 2000-ci illərdə II Çeçen müharibəsində Rusiyaya qarşı savaşıb və gürcü kəşfiyyatı ilə əlaqəli olub. Müharibədən sonra Gürcüstana qayıdıb, bir müddət hüquq-mühafizə orqanlarına çalışıb, çeçen üsyanına yardım göstərib. Xanqoşvili bu fəaliyyətinə görə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən terrorçu sayılıb.
İfadələr əsasında polis Vadim adlı 49 yaşlı Rusiya vətəndaşını saxlayıb.
Ekkehard Maab adlı alman sənətçi bildirib ki, Zəlimxan Almaniyaya 2016-cı ildə gəlib: “O, Ukraynada 6 ay qaldıqdan sonra Almaniyaya pənah gətirib. Gürcüstanda zəhərlənmə daxil olmaqla iki dəfə sui-qəsddən xilas ola bilib.
Almaniyada təhlükəsiz şəraitdə olacağını düşünürdü. Hər cümə məscidə getmək üçün eyni yoldan istifadə edirdi. Qatil onu yolda öldürüb”.
Alman hökumətinin hadisəyə görə Rusiyanı günahkar elan etməsinə Kremli dərhal reaksiya verib. “Təbii ki, bu hadisədə rus hökuməti və rəsmilərinin heç bir əlaqəsi yoxdur”, - Kremlin mətbuat katibi Peskov bildirib.
Zəlimxan Xanqoşvili Gürcüstanda dəfn edilib.