Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri ərəfəsində həbsdə olan sabiq prezident Robert Köçəryan azadlığa buraxılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Erməni mənbələr Putinin oktyabrın 1-də gözlənilən səfəri ilə əlaqədar Ermənistan hakimiyyətinin Köçəryanı sərbəst buraxmağa hazırlaşdığını, bu barədə Moskvadan İrəvana göstəriş verildiyini iddia edir.
Yayılan məlumata münasibət bildirən xarici işlər naziri Zöhrab Mnatsakanyan isə bunun həqiqəti əks etdirmədiyini bildirib.
Mnatsakanyanın əksinə olaraq, Konstitusiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın iddiasını qismən təmin edib.
Əlavə edək ki, Köçəryanın sərbəst buraxılması məsələsi bundan əvvəl də gündəmə gəlib. Bir neçə ay əvvəl Slovakiyada erməni həmkarı ilə görüşən Rusiya xarici işlər naziri Sergey Lavrovun ona Putinin gəlişinədək sabiq prezidentin sərbəst buraxılması tapşırığı verdiyi iddia olunmuşdu.
Rəsmi İrəvan tərəfindən təkzib olunan bu xəbərə Moskvadan münasibət bildirilməyib.
Robert Köçəryan 2008-ci il martın 1-də İrəvanda hakimiyyət əleyhinə keçirilmiş dinc aksiyalarda iştirak edənlərə odlu silahlardan istifadə edilməsi əmri verməkdə ittiham olunur.