İran Silahlı Qüvvələri Bəsrə körfəzi və Hörmüz boğazında hava məkanının təhlükəsizliyini gücləndirmək tədbirləri çərçivəsində təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Xəbərdə hərbi təlimlərin Bəsrə körfəzində yerləşən Simnan bölgəsində başladığı bildirilib.
416 min kvadrat kilometr sahəni əhatə edən manevrlərdə İran ordusu ölkənin hava məkanını ehtimal olunan xarici hücumlardan qorumağı məşq edəcək.
İran Hərbi Hava Qüvvələrinin komandanı Əli Rza Səbahifərd təlimlərə kəşfiyyat və müharibələrdə istifadə olunan bütün sistem və texnikaların cəlb olunduğunu açıqlayıb.
Təlimlərin İran və ABŞ arasındakı gərginliyin pik həddə olduğu və Vaşinqtonun 6 aydan sonra ilk dəfə Bəsrə körfəzinə döyüş gəmiləri göndərdiyi bir dönəmə təsadüf etməsi diqqət çəkib. İki gün əvvəl ABŞ-ın “USS Abraham Lincoln” döyüş gəmisi ilk dəfə körfəzə gəlib.
İran bu ilin iyun ayında Hörmüz boğazında hava məkanını pozmaq ittihamı ilə ABŞ-a məxsus “RQ-4 Global Hawk” tipli bir Pilotsuz Uçan Aparatı (PUA) vurmuşdu.