Yaponiyada yaşayırsınızsa, tezliklə təmiz həyat tərzinə alışırsınız.
Teleqraf.com xəbər verir ki, Yaponiyda insanlar arasında burnunuzu silməyi dayandırır, mağaza və ofislərdə əl antiseptiklərindən istifadə etməyə başlayır və zibilləri təkrar istifadə üçün 10 fərqli növə bölməyi öyrənirsiniz.
Çantalarını parta üzərinə qoyaraq gözləyən məktəblililər uzun günün ardından evlərinə getmək istəyirlər.
Müəllimlərinin sabahın dərs tapşırıqlarını verməyini səbrlə dinləyirlər və hər gün olduğu kimi müəllim son sözlərini deyir: "Bəli, uşaqlar, bu günün təmizlik tapşırıqları siyahısı: birinci və ikinci sıralar sinif otağını təmizləyəcək. Üçüncü və dördüncü sıralar pilləkənləri, beşinci isə tualetləri təmizləyəcək."
Beşinci cərgədə bir az çırpınma səsləri eşidilsə də, uşaqlar ayağa qalxır, sinif otağının arxasındakı şkafdan əsgi və vedrə götürərək tualetə yola düşürlər.
Ölkə daxilindəki məktəblərdə də oxşar mənzərə ilə qarşılaşmaq olar.
Yaponiyaya ilk dəfə gələnlərin əksəriyyəti ölkənin təmizliyindən təsirlənir. Sonradan zibil qutularının və küçə süpürgəçilərinin olmadığını başa düşürlər. Sual yaranır: Yaponiya necə təmiz qala bilər? Cavabı isə belədir: ölkəni əhali təmiz saxlayır.
Xirosima Qubernatoru Maiko Avane deyir: "12 illik məktəb həyatı boyunca təmizlik şagirdlərin gündəlik cədvəlinin bir hissəsidir". Sosial şüurun bu elementini məktəb tədris proqramına əlavə etmək, uşaqları ətraf mühitdən xəbərdar edir .
Tərcüməçi Çika Hayaşi deyir: “Bəzən məktəbi təmizləmək istəmirdim. Amma bunun gündəlik işimizin bir hissəsi olduğunu qəbul etdim. Düşünürəm ki, təmiz bir məktəbdə oxumaq yaxşıdır. Çünki istifadə etdiyimiz əşyaların və məkanın təmizliyinin vacib olduğunu öyrənirik".
Şagirdlər məktəbə girən kimi ayaqqabılarını şkafa qoyub, idman ayaqqabılarını geyinirlər. İnsanlar evdə ayaqqabı geyinmirlər. Hətta evə gələn təmirçilər də əvvəlcə ayaqqabılarını çıxarır, sonra evə daxil olurlar.
Yapon təmizliyə qarşı həssaslığına dair nümunələr sosial mediada da məşhurlaşıb. Yaponiyanın futbol azarkeşləri də təmizlik düşkünüdürlər. Braziliya-2014 və Rusiya-2018 Dünya Kuboklarında milli komandalarını dəstəkləyən yapon azarkeşlər stadionu tərk etməzdən əvvəl zibillərini yığaraq dünyanı heyrətləndiriblər. Milli komandanın oyunçuları geyinmə otaqlarını təmizləyib çıxıblar. FIFA-nın baş katibi Priskilla Janssens buna belə reaksiya bildirib: “Bütün komandalar üçün yaxşı bir nümunədir".
Oxşar görüntülərə Yaponiyadakı musiqi festivallarında rast gəlmək olar. Yaponiyanın ən böyük və ən qədim musiqi festivalı olan Fuji Rock Festivalında musiqi həvəskarları zibil qutusu tapana qədər zibillərini saxlayırlar. Siqaret çəkənlərdən daşınabilən külqabı gətirmələri istənir və festivalın veb saytında yazılır: "Digər insanları narahat edə biləcək yerlərdə siqaret çəkməyin".
Sosial şüur nümunələri gündəlik həyatda da çoxdur. Məsələn, səhər saat 8-də ofis və dükanlarda işçilər iş yerlərinin ətrafındakı küçələri təmizləyirlər. Uşaqlar aylıq iməclik üçün könüllü olur və məktəblərinin yanındakı küçələrdən zibil yığırlar. Məhəllələrdə müntəzəm olaraq küçə təmizliyi aparılır.
Görünməyən çirk, mikrob və bakteriyalar başqa bir narahatlıqdır. İnsanlar xəstələndikdə digərlərinə yoluxmamaq üçün tibbi maskalar taxırlar. Bu sadə tədbirlə virusların yayılmasını azaldırlar.
Maraqlıdır, yaponlar təmizlənməyə necə can atdılar?
Yaponlar avropalıların şəxsi təmizliyə diqqət yetirməmələrindən dəhşətə gəlirdilər. Təmizliyi sevmələrinin səbəblərindən biri gündəlik həyatda olan qayğılardır. Yaponiyanın isti və rütubətli iqlimində qida tez xarab olur, bakteriya və həşəratlar sürətlə artır.
Ancaq bu tarix daha dərinə gedir. Təmizlik Çin və Koreyada buddizmin vacib bir hissəsidir. Əslində buddizmin Zen versiyasından Çindən Yaponiyaya qədər təmizlik və yemək bişirmə meditasiyadan fərqli olmayan mənəvi məşqlər olaraq görülür.
Bəs niyə bütün buddist xalqlar yaponlar qədər təmizlən deyil?
Buddizmin yaranmasından çox əvvəl Yaponiya artıq öz yerli dini olan Şinto-ya sahib idi. Şinto "Tanrıların yolu" deməkdir. Təmizlik Şintonun çox vacib hissəsidir. Şinto-nun vacib elementlərindən biri saflığın əksinə olan " kegare”- çirkdir. Kegare nümunələri ölümdən xəstəliyə qədər xoşagəlməz olan hər şeydə görülür. Kegare-nin qarşısını almaq üçün tez-tez təmizlik ritualları etmək tələb olunur.
Təmizlik ritualı gündəlik həyatın bütün sahələrində yayılıb. Şinto məbədinə girmədən ibadətə gələnlər girişdə əl-üzlərini yuyurlar.
Bir çox yaponlar yeni alınan maşınlarını kahin tərəfindən təmizlənməsi üçün məbədə aparırlar. Rahib “Anusa” adlı tüklü silgini maşının ətrafında silkələyir. Sonra içərini təmizləmək üçün qapıları və kapotu açır.
Yeni bir tikintinin başlaması üçün torpaqlar da bu şəkildə təmizlənir.