Türkiyə Fransa Prezidenti Emmanuel Makronun Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi ittihamlara sərt cavab verib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Liviyada 2011-ci ildən başlanan böhranın əsas məsuliyyətinin Fransanın üzərinə düşdüyünü bəyan edib.
Hami Aksoy Liviya məsələsində Ərdoğanı sözünü tutmamaqda suçlayan Makronun Haftar başda olmaqla terrorçulara dəstək verdiyini xatırladıb:
“Fransa daxil olmaqla bir sıra ölkələrin hərbi dəstəyi ilə Haftarın milli hökumətə qarşı hücumları Liviyanın ərazi bütövlüyü və suverenliyinə çox ciddi təhdiddir. Fransa prezidentinin Suriyanın ərazi bütövlüyünü təhdid edən terrorçuları bir neçə dəfə Yelisey sarayında qəbul etdiyi çox yaxşı məlumdur”.
Onun sözlərinə görə, Fransanın Berlin konfransında əldə olunan razılaşmaya əməl etməsi üçün əvvəlcə Haftara verdiyi dəstəyə son qoymalıdır:
“Afrikadakı qaranlıq keçmişi və Əlcəzairdə törətdiyi qətliamın acısı yaddaşlarda hələ təzə ikən Fransa Türkiyəni günahlandırmaq əvəzinə Liviyada sabitlik və təhlükəsizliyin təmin olunmasına çalışmalıdır”.