Abdullah Çatlı həyatı boyu bir çox saxta pasport və ya adla səfərlər etmişdi: Mehmet Özbay, Mehmet Saral, Hasan Kurtoğlu, Şahin Ekli… Saxta pasport düzəltmə məsələsində peşəkar olan Abdullah Çatlı Türkiyə, Azərbaycan və dünyanın bir çox ölkəsində anti-terror əməliyyatlarına başçılıq etmişdi. Təsadüfi deyil ki, o, erməni “ASALA terror təşkilatını çökdürən kəşfiyyatçı” kimi adını tarixə yazdırıb. Habelə peşəkar karateçi olan Çatlı ingilis dilində də səlis danışırdı. Eyni zamanda “Kurtlar Vadisi” serialındakı Polat Alemdar obrazının prototipidir.
Teleqraf.com türk kəşfiyyatçı Abdullah Çatlı haqda yazını təqdim edir.
“Türkiyənin Al Kaponesi” adlandırılan Çatlı kimisinə görə mafiya lideri, kriminal avtoritet, kimisinə görə kəşfiyyatçı, hərbçi, polis, kimisinə görə isə siyasətçi, dövlət adamı idi. Lakin kim olmasından asılı olmayaraq, Türkiyə üçün həyati əhəmiyyət kəsb edən əməliyyatlar və döyüşlərin ön cərgəsində yer almışdı.
Qalayçı bir qocanın nəvəsi olan Çatlı kiçik bir əsnaf olan yoxsul kişinin beş övladından ən böyüyü idi. Hələ kiçik yaşlarından ülküçü ocaqlarına üz tutan Çatlı o illərdə karate və taekvando ilə maraqlanır. İyirmi bir yaşında Başbuğ Türkeşin istəyi ilə millətçilərin kommunistlərlə mübarizəsində Ülkü Ocaqları Dərnəyinin Ankara şöbəsinin başına keçən Çatlı məşhur “Rəis”ləqəbini də burada alır. Həmin illərdə gizli bir əl onu sürətlə Türkiyənin ən böyük davalarının ön cərgələrinə çəkir, qitədən-qitəyə, ölkədən-ölkəyə bu mübarizənin komandanına çevirir. Bu məqsədlə türk kəşfiyyatının və ya Dərin dövlətinin Türkiyə və xarici ölkələrdəki gizli mərkəzlərində xüsusi təlimlərdən keçir. Kürd və erməni terrorizminə qarşı mübarizə onun ən yaxşı bildiyi iş idi. Peşəkar bir əməliyyatçı kimi Kosta Rikada yetişdirilmişdi.
1970-ci illərdə Muhsin Yazıcıoğludan sonra təşkilatda Alparslan Türkeşin ikinci adamı idi. Həmin illərdə İstanbulda Fəhlə Partiyasının 7 üzvünün öldürülməsi ilə yadda qalan qanlı olayın təşkilatçısı, 1978-ci ildə İstanbul Universitetində baş verən partlayışın iştirakçısı kimi adından söz etdirməyə başladı. Üstəgəl Abdi İpəkçi cinayətinin pərdəarxasında görünən silueti idi.
“Apo” hədəfdə
Kənan Evrənin 12 Sentyabr qiyamından sonra həmin gizli əl onu sıravi bir dövlət məmuru qiyafəsində Türkiyədən kənara çıxardı. Lakin ölkə xaricində yenə tapşırıqlar alır, ASALA terror təşkilatına qarşı başlayan anti-terror əməliyyatlarının başında yer verilir. ASALA-nın saysız terror aktlarının qarşısını alan Çatlı çox sayda türk diplomat və vətəndaşını ermənilərin hədəfindən xilas etmişdi. Təşkilata qarşı keçirdiyi 30-dan çox əməliyyatın hamısı uğurla başa çatdırılmış, çox sayda terrorçu məhv edilmişdi. Lakin yenə də Abdullah Çatlı ard-arda baş verən bu olaylarda üzü görünməyən sirli bir fenomen idi. Amma buna baxmayaraq, bəzi çevrələrdə adı mütəşəkkil cinayətkar dəstənin və ya mafiya lideri kimi çəkilirdi. 1984-cü ildə Fransada narkotik ticarəti ittihamı ilə həbs edilib İsveçrəyə göndərilsə də, Çatlı buradan Türkiyəyə qaçırılaraq xilas edilir.
Abdullah Çatlı Tansu Çillərin Baş nazirliyi dövründə PKK terror təşkilatının lideri, “Apo” ləqəbli Abdullah Öcalana qarşı hazırlanan nəticəsiz sui-qəsd planında da yer almışdı. İddiaya görə, bu məqsədlə Suriya, Livan və İsraildə 50 milyon dollar xərcləmişdi.
Papaya sui-qəsd planı
Abdullah Çatlının özü hər nə qədər burada yer aldığını deməsə də, dönəmin Avropa mediasında 1985-ci ildə Roma papasına qarşı hazırlanan sui-qəsdin təşkilatçısı kimi təqdim olunurdu. Həmin iddiaya görə, sui-qəsdin müəllifi Abdullah Çatlı, əsas dəstəkçilərindən biri isə yaxın dostu Oral Çelik idi.
Sui-qəsddən sonra italyan prokuror Almaniyada Çatlının dostu Yalçın Özbəylə əlaqə saxlayır, pul müqabilində onun əleyhinə ifadə verməyə razı salır. Sui-qəsd planının digər kilid siması isə Mehmet Əli Ağca idi. Çatlı məhkəmədə Ağcanın sui-qəsdi bolqar kəşfiyyatının adına işlədiyini bildirərək, olay vaxtı Oral Çelikin yanında olduğunu və onun bu hadisə ilə əlaqəsinin olmadığını bildirir. Yekun nəticədə Ağca Çatlı əleyhinə verdiyi ifadəni geri götürmək məcburiyyətində qalır.
“Arat” əməliyyatları
“Susurluk” hesabatında dövlət sirri adıyla açıqlanmayan səhifələrdə Abdullah Çatlının Kənan Evrən dönəmində xarici ölkələrdə erməni terror təşkilatlarına qarşı əməliyyatlarda iştirak etdiyi bildirilir. Hesabata görə, anti-terror əməliyyatları “Arat” adı ilə şifrələnmişdi.
Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) sözügedən hesabatında Abdullah Çatlının iştirak etdiyi əməliyyatlardan bəhs olunur. Çatlı ilə “Arat” əməliyyatları çərçivəsində 1983-cü il oktyabrın 22-də əlaqə saxlanılıb. Razılaşmadan sonra planlar açıqlanıb. Əməliyyatların ilkin mərhələsinə ASALA terrorçusu Ara Toranyanın avtomobilinə bombanın yerləşdirilməsi, Erməni Gənclər Təşkilatının Marsel şəhərindəki binasının partladılması, Parisdə terrorçu Henri Papasyanın avtomobilinə bombanın yerləşdirilməsi, Alfortvildə erməni abidəsi, Erməni Gəncləri Təşkilatının partladılması daxil idi. Erməni terror təşkilatları və terrorçularını hədəf alan əməliyyatlar 1984-cü ilin sonu – Çatlı Parisdə narkotik ticarəti ittihamı ilə həbs edilənədək davam etmişdi.
Əməliyyatlar Çatlı və komandasına bağlı olmayan qruplar tərəfindən də aparılırdı. 1982-ci ildə Hollandiyanın Utrext şəhərində terrorçu Nübar Yalımyanın qətli, 1983-cü ildə Hollandiyada Erməni Gənclər Təşkilatının binası və şöbələrinə silahlı basqınların edilməsi, həmin il Fransanın Alfortvill şəhərində ASALA-nın mətbuat bürosunun partladılması, habelə sözügedən təşkilatın Marsel şəhərindəki binasının bombardman edilməsi, 1984-cü ildə Alfortvildə bu təşkilatın şöbəsinin partladılması, 1985-ci ildə adı açıqlanmayan bir erməni terrorçusunin öldürülməsi, Lionda terrorçu Ayk Dəyirmançıoğlunun öldürülməsi və digər addımlar daxil idi.
Çatlının kəşfi
MİT-in Çatlını necə kəşf etməsi hələ də müzakirə mövzusudur. Bu barədə faktlar hökumət səviyyəsində keçirilən toplantılarda dilə gətirilsə də, arxivlərdə bununla bağlı məlumatların olmadığı iddia edilir. Çatlının 1980-ci illərdə MİT-lə əlaqəsi olmayan Hiram Abbas tərəfindən Haluk Kırcı və bəzi ülküçülər vasitəsilə erməni terrorizminə qarşı xarici ölkələrə göndərildiyi bildirilir. MİT-in Alpay adlı bir keçmiş əməkdaşı bu barədə olan iddianı təkzib etməmişdi. Məlumata görə, Çatlının rəhbərlik etdiyi komanda erməni terrorizminə qarşı Türkiyənin mərhum prezidenti Kənan Evrənin təlimatı ilə qurulmuşdu. Yəni təşkilatçılıq o dönəmdə prezident səviyyəsində planlaşdırılmış və əməliyyatların ilkin mərhələsində MİT-ə həvalə olunmuşdu. Amma ASALA üzvləri və obyektlərinə hücumlardan sonra Çatlıya MİT tərəfindən tələ qurularaq, Fransada həbs olunduğu, daha sonra İsveçrəyə aparıldığı iddia edilir. 1984-1990-cı illərdə Fransa və İsveçrə həbsxanalarında yatmışdı. Amma onun İsveçrə həbsxanasında hansı formada qaçdığı indi də müzakirə mövzusudur. Çatlıya kimlərin və ya kimin yardım etdiyi öz naməlumluğunu qoruyur. Türkiyəyə qayıtdıqdan sonra isə hüquq mühafizə orqanlarının xüsusi qorunması altına alındığı iddiası var. O, hələ də xarici ölkələrdə erməni terrorizminə qarşı bir silah kimi öz əhəmiyyətini qoruyurdu. Habelə Türkiyəni daxildən parçalamaq istəyən kürd terror təşkilatlarına qarşı mübarizədə...
Ayrı-ayrı vaxtlarda Kürdüstan Milli Xilaskarlar, PKK, Sosialist Partiyası, TKB/B kimi terror təşkilatlarının üzvləri və tərəfdarlarının zərərsizləşdirilməsi üçün aparılan əməliyyatlarda yer alması, Çatlı üçün nəzərdə tutulan poliqonun daha geniş olduğunu göstərirdi.
Azərbaycana gəlişi
Abdullah Çatlının ilk dəfə Azərbaycanda görünməsi Dağlıq Qarabağda Ermənistan işğalının başladığı illərə təsadüf edir. Çatlının erməni terrorizminə qarşı əməliyyatlar çərçivəsində Azərbaycana göndərildiyi iddia olunur. “Milliyət” qəzetinin 1997-ci ildə dərc etdiyi bir məqalədə, Çatlının həm mərhum prezident Əbülfəz Elçibəyə qarşı qiyam qaldırmış polkovnik Surət Hüseynov, həm də erməni işğalçılarına qarşı mübarizə məqsədilə Azərbaycana göndərildiyi bildirilir.
İlk səfərlərindən biri isə ermənilərin 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı soyqırım törətməsindən təxminən üç həftə sonraya – martın 16-na təsadüf edir. Növbəti səfər tarixi isə Hüseynovun qiyamından sonraya düşürdü. Lakin qiyamdan sonra Elçibəyin Kələkiyə getməsi ilə Çatlı Türkiyəyə qayıdır. “Milliyət”in iddiasına görə, Çatlı qiyam vaxtı ülküçü bağları ilə özünə yaxın bildiyi Elçibəyə dəstək vermişdi. Amma Elçibəy sonrakı illərdə “Yeni Ufuk” qəzetinə verdiyi müsahibədə Abdullah Çatlı adında birini tanımadığını, Türkiyədən Azərbaycana ermənilərə qarşı mübarizə və bu məqsədlə hərbçilərə təlim keçmək üçün gəlmiş Mehmet Özbay adlı bir nəfərlə tanış olduğunu, onun razılıq verməsindən sonra “Özbay”ın dörd ay hərbi təlim keçdiyini demişdi.
Elçibəyin sözlərinə görə, Mehmet Özbay, yəni Abdullah Çatlı Azərbaycana gələndə əlində 30 ermənin adının yer aldığı bir siyahı vardı:
“Prezident olarkən Bakıdaydım, əvvəlcədən tanıdığım və erməni dəstələrinə qarşı döyüşən iki dostum yanıma gəldi. Türkiyədən bir qonaqlarının olduğunu dedilər. Kim olduğunu soruşanda adının “Mehmet Özbay” olduğunu söylədilər. Üç-beş dəqiqə ayaq üstə danışdıq. Özbay mənə erməni dəstələrinə qarşı savaşmaq üçün gəldiklərini dedi. Əlində erməni düşərgələrinin koordinatı və otuz nəfər erməninin adının yer alıdığı siyahı vardı. Ona “Bunu etmə, səni öldürərlər, sonra da Türkiyə vətəndaşı burada öldü deyərlər, diplomatik problem yaranar” dedim. Ona dedim ki, sən bizə düşərgələr haqda məlumat ver, qüvvələrimizə təlim keç. Amma bir daha onu görmədim. O hərbçilərimizə təlim verdi, ya yox – bunu bilmirəm. Sonradan əldə etdiyim məlumata görə, bölgələrdən birində əsgərlərimizə təlim keçib”.
Türkeşin Qarabağ planı
Həmin dövrdə Türkiyədən gələn ülküçülərin qurduqları təlim düşərgələrində xüsusi əməliyyat qruplarının yaradıldığı və Qarabağ savaşında Ermənistanda əməliyyatlar keçirdiyi haqda iddialar var. Bu əməliyyatlarda Türkiyədən gələn bəzi ülküçülərin həlak olduğu bildirilir. Bu iddiaya görə, həmin düşərgələr Bakı və Tovuzda, yəni Ermənistanla sərhədlərdə Alparslan Türkeşin təlimatı ilə qurulmuş, İrfan Özcan, Mustafa Yenişəkər və Atilla Kaya bu məqsədlə Azərbaycana göndərilmişdi. Bakıdakı tabora Yusuf Arpacık, Tovuzdakına isə Seyfi Bəy komandanlıq edirdi. Abdullah Çatlının gəlişi də bu dövrə təsadüf edirdi.
Məzarındakı iki bayraqdan biri
Abdullah Çatlı 1996-cı il oktyabrın 3-də Balıkəsirin Susurluk qəsəbəsində avtomobil qəzasında həyatını itirdi. Qəza haqda bir sıra sui-qəsd nəzəriyyələri var. Bunlardan birinə görə, qəzaya səbəb əyləc sisteminin əvvəlcədən sıradan çıxarılması olmuşdu. Yəni bu qəzanın bir sui-qəsd olduğu bildirildi. İddia hər nə qədər öz təsdiqini tapmasa da, bunun arxasında PKK və erməni terror təşkilatı, habelə Qərb kəşfiyyatının adı hallandırılır.
Yaşadığı dövrdə bir türk millətçisi olan Abdullah Çatlı Azərbaycan sevdalısı bir insan kimi də anılır. Təsadüfi deyil ki, məzarının üstündə Türkiyə ilə bərabər dalğalanan iki bayraqdan biri Azərbaycanındır.