Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft anlaşılmazlığı qlobal pandemiya mərhələsinə təsadüf etdi. Bu zaman onsuz da təlabatın az olduğu xam neftin bazarı qiymət baxımından ciddi itkilərə məruz qaldı. OPEK+ ölkələri ayın əvvəllərində neftin hasilatını azaltmaqla bağlı anlaşma əldə etsə də, bu, dünya neft bazarında qiymətlərin enməsinin qarşısını ala bilmədi.
Teleqraf.com xəbər verir ki, artıq ABŞ-ın Texas ştatında istehsal olunan neft (WTİ) maya dəyərindən aşağı qiymətə təklif olunur. Eləcə də Rusiyanın Ural nefti hazırda maya dəyərindən ucuz satılır. Brend markalı neft isə ötən gün 25 dollar səviyyəsində geriləyib.
Bununla belə hazırda iqtisadçılar “neftlə bağlı olan ölkələr bu durumda nə qədər dayana biləcəklər” sualına cavab axtarırlar.
Bir çox ekspertlərin hesablamalarına görə, neft ölkələri bu duruma uzunmüddətli tab gətirə bilməyəcək. Əksinə, böyük neft ixracatçıları valyuta ehtiyatlarını xərcləməyə başlayacaq.
İqtisadiyyatı neft və təbii qaz kimi enerji mənbələrinin ixracından çox asılı olan ölkələrin büdcələrini tarazlaşdırması üçün qlobal bazarlarda qiymətlər müəyyən səviyyədən aşağı düşməməlidir və bu səviyyə hər bir ölkənin iqtisadi, coğrafi və geoloji şəraitinə görə fərqlənir.
Beynəlxalq Valyuta Fondunun (BVF) 2020-ci il üçün proqnozlarına görə, Səudiyyə Ərəbistanı büdcəsinin balansda olması üçün neftin bir barrelinin qiyməti 78,3 dollar olmalıdır. Bu rəqəm İran üçün 124,4, İraq üçün 59, Liviya üçün 79 dollar olmalıdır. 2019-cu ildə Ural xam neftinin qiyməti Rusiyanın büdcəsində 49,2 dollardan götürülüb.
Dövlətlərin indiki halda bu duruma nə qədər dözə biləcəyinə gəldikdə ehtimal olunur ki, Rusiya daha aşağı qiymətlərə dözə bilər, çünki büdcəsini aşağı qiymətlərlə tarazlaya bilər və 570 milyard dollarlıq valyuta ehtiyatı bu zaman onun müdafiəsini təmin edəcək.
Səudiyyə Ərəbistanının büdcə balansını qorumaq üçünsə daha yüksək qiymətlərə ehtiyacı var. Ölkənin apardığı iqtisadi modernləşmə və şaxələndirmə prosesi də büdcə üçün yük yaradır. Bununla bərabər Səudiyyənin təxminən 500 milyard dollar valyuta ehtiyatı var ki, bu da onun bir müddət bu vəziyyətdə yaşaya biləcəyini qarantiyaya alır.
Lakin mövcud durum uzanarsa, əvvəlcə Səudiyyə Ərəbistanı, sonra Rusiya ciddi ziyan çəkməyə başlayacaq.
İraq, İran və Liviya kimi kiçik istehsalçıların bu ölkələr qədər dözə bilməyəcəyini təxmin etmək isə çətin deyil.