Çox təəssüf edirəm ki, Rusiya kimi nəhəng bir dövlətin xarici işlər naziri BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələri belə məsuliyyətsiz formada şərh edib. Bildirim ki, 1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin hər birində Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması məsələsi birbaşa göstərilib. Məsələn, 1993-cü ilin aprelində qəbul edilən 822 saylı qətnamənin birinci bəndində erməni işğalı ordusunun Kəlbəcər daxil olmaqla Azərbaycanın zəbt olunan ərazilərindən çıxması tələb kimi qoyulub.
Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli Rusiya xarici işlər naziri Sergay Lavrovun son Qarabağ bəyanatını şərh edərkən deyib.
Hüquqşünasın fikrincə, belə bəyanatlar onu göstərir ki, Rusiya Qarabağ münaqişəsinin həllində maraqlı deyil, bu konfliktin uzadılması ona sərf edir.
Onun sözlərinə görə, konfliktin uzanması Rusiyaya imkan verir ki, müharibə şəraitində olan hər iki ölkəyə silah satsın: “Bu baxımdan Rusiya problemin həll edilməməsində maraqlıdır. Lavrovun da bəyanatı bu yanaşmanı bir növ ictimailəşdirir. Hesab edirəm ki, bu əslində konfliktin həllində vasitəçi olan həmsədr dövlətin mövqeyinə uyğun gəlmir. Belə davranışlar varsa və davam edirsə, Azərbaycan bütövlükdə həmsədrlik institundan imtina edə bilər. Zənnimcə, Lavrov və digər diplomatlar bu amili çıxışları zamanı nəzərə almalıdırlar”.
Hüquqşünas Sergey Lavrov tərəfindən münaqişənin həllinə dair danışıqlarda mərhələli həll planına dair sənədlərin olduğuna dair fikirlərini də qiymətləndirib: “Əslində məntiqi baxımdan Azərbaycanın da mövqeyinə uyğun gələn konfliktin mərhələli həll planıdır. Amma bizim üçün mərhələli həll planının Lavrov variantı məqbul deyil. Səhv etmirəmsə 1998-ci ildə Minsk Qrupu da mərhələli həll planına dair təşəbbüs irəli sürmüşdü. O zamankı həll planına görə, müharibə dayandırılmalı, işğal edilən ordu Azərbaycan ərazisindən çıxarılır, bundan sonra Qarabağdan qovulan mülki əhali yurd-yuvalarına qaydırlar və sonda Dağlıq Qarabağın statusuna dair müzakirələr başlanırdı. Həmin mərhələli həll planının mahiyyəti təxmini belə idi. Fikrimcə, bu plan Azərbaycanın maraqlarına daha uyğun gəlirdi. Bu planın hər hansı formada dəyişdirilməsi Rusiyanın maraqlarına xidmət edə bilər. Mən Lavrovun mərhələli həll planının mahiyyəti haqqında məlumatlı deyiləm, amma bəllidir ki, bu plan Azərbaycanın maraqlarına uyğun gəlməyən sənəddir”.
Qulamhüseyn Əlibəyli sonda qeyd edib ki, Sergey Lavrovun etnik mənsubiyyəti ilə bağlı söz-söhbətlər şəxsən onu maraqlandırmır: “Lavrov Rusiya dövlətinin maraqlarından çıxış edir, bu dövlətin maraqlarını təmsil edir. Son 30 illik hadisələr götərir ki, Rusiya problemin həllində maraqlı deyil”.