İtaliya alimləri ölkədə pandemiyadan ən çox əziyyət çəkən Lombardiya əyalətində koronavirus xəstələrinin ölümü ilə bağlı gözlənilməz həqiqəti üzə çıxarıblar.
Teleqraf.com xəbər verir ki, araşdırmanın nəticələri “medRxiv” portalı tərəfindən yayımlanıb.
Tədqiqatçılar Canluka Rinaldi və Matteo Paradizi rəsmi statistikadan istifadə etməyiblər. Bunun əvəzinə SARS-CoV-2 test məlumatlarını təhlil ediblər. Tədqiqat sahəsinə ümumi əhalisi 50 min nəfər olan on yaşayış məntəqəsi daxil olunub.
Nəticədə bu ilin 21 fevralından 4 aprelinə qədər bölgədə 341 adamın öldüyü ortaya çıxıb ki, bu da əvvəlki illərdəki orta göstəricidən təxminən beş dəfə çoxdur. Eyni zamanda, aprel ayının əvvəllərində ölüm nisbəti adi vaxtlardan praktiki olaraq fərqlənməyib, bu da koronavirusla mübarizə üçün karantinin effektivliyi barədə bəyanatı təsdiqləyir.
Mütəxəssislər bölgədə ciddi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra aparılan qan analizlərinin nəticələrini araşdırıblar. Tədqiq olunan ərazidə sakinlərin təxminən 40 faizi yoluxub, bəzi yaşayış məntəqələrində bu göstərici 80 faizə çatıb. Tədqiqat müəllifləri ölüm nisbətinin 1,29 faiz olduğunu göstəriblər. Eyni zamanda 60 yaşdan yuxarı insanlar arasında bu göstərici 4,25 faizə çatıb.
Alimlər bunun rəsmi statistikadan daha aşağı olduğunu açıqlayıblar. Ancaq xəbərdarlıq ediblər ki, bu, təhlükənin olmaması demək deyil: COVID-19-dan ölüm qripdən daha yüksək göstəricilərə malikdir.
İtaliya koronavirusdan ən çox təsirlənən ölkələrdən biridir. Ən son məlumatlara görə, orada təxminən 193 min yoluxma hadisəsi qeydə alınıb. Təxminən 26 min insan koronavirus infeksiyasının qurbanı olub, 60,5 min xəstə sağalıb.