Ukraynanın keçmiş hakimiyyət nümayəndələrini çoxlu müxtəlif macəra və hökmlər gözləyir.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski bu gün keçirdiyi mətbuat konfransı zamanı çıxış edib.
“Poroşenkonun hökmünə gəldikdə, əminəm ki, hələ hər şey qabaqdadır... Düşünürəm ki, onlar ölkəni elə idarə ediblər ki, indi onları çox fərqli macəralar, fərqli hökmlər gözləyir”, – deyə “RİA Novosti” onun sözlərindən sitat gətirir.
V.Zelenski vurğulayıb ki, istənilən halda, bu məsələlər onun səlahiyyəti çərçivəsində deyil və məhkəmənin hökmü ilə həll olunacaq:
“Reaksiyanı prokurorluq, hüquq-mühafizə orqanlarının əməkdaşları verməlidirlər. Bilirəm ki, Ukrayna Baş Prokurorluğu dünən cinayət işini qeydə alıb. İstintaq aparılacaq, zənnimcə, bu, dövlətə xəyanət kimi qəbul edilə bilər. Bu, hüquq-mühafizə orqanlarının işidir”.
Prezidentin sözlərinə görə, audioyazı yüksək dövlət səviyyəsində beynəlxalq korrupsiyaya və dövlətə xəyanət faktlarına dəlalət edir.
Qeyd edək ki, Ukrayna Ali Radasının deputat Andrey Derkaç mətbuat konfransı zamanı Petro Poroşenko və ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin səslərinə bənzər səsləri olan telefon danışıqlarının qeydlərini açıqlayıb.
Səs yazısı zamanı Bayden Poroşenkodan Viktor Şokinin Ukraynanın Baş prokuroru vəzifəsindən azad edilməsini xahiş edir. Bunun qarşılığında Poroşenkoya Ukrayna üçün 1 milyard dollar ayıracağına söz verir.