“Son günlərdə Suriyada təzyiqlər getdikcə artır. Baş verənlər yenidən Bəşər Əsədin devrilməsini gündəmə gətirib”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi təhlilçi Taha Dağlı deyib.
Ekspertin sözlərinə görə, Suriya rejimindəki çat Bəşər Əsədin əmisi oğlu Rami Məxlufla arasındakı mübahisədən başlayıb:
“Məxluf Əsəd ailəsinin Suriyadakı biznesini idarə edən şəxs idi. Əsəd Məxlufu nəzarətə götürdü və əmlaklarını müsadirə etdi. Ruslar isə bu günlərdə Əsədə müharibə xərclərinə dair hesabat təqdim edib. Təxminən 3 milyard dollar xərclənib. İddiaya görə, Əsəd Məxlufdan bu borcun ödənilməsini tələb edib. İstədiyi cavabı almadıqdan sonra isə Məxlufa edəcəyini etdi.
Məxluf Rusiya ilə yaxın münasibətdə idi. Moskvada böyük investisiyası vardı. Əsədin ruslara ödəməli olduğu borcu Moskvaya yardım edən Məxlufun üzərinə atması, Moskvanın Əsədə olan etibarsızlığını artırdı. Bundan dərhal sonra ölkədə iqtisadi böhran özünü açıq şəkildə göstərməyə başladı. Onsuz da böhran illərdir vardı, amma bununla pik həddə qalxdı. 2011-ci ildən bəri evdə oturan suriyalılar da küçəyə çıxmağa başladı”.
Taha Dağlı hazırda Dəra vilayətinin Şüveyda şəhərində vəziyyətin gərgin olduğunu bildirib:
“Yəni Əsəd doqquz ildir onu dəstəkləyən insanlarla üz-üzə qalıb. Baş qaldıranları isə zorakılıqla yatırır. Baş verənlər Əsədin öz rejimi içində tək qaldığı anlamına gəlir. Həm Rusiya, həm də İran 2011-ci ildən bəri israrla Əsədi qorudu. Amma indi hər iki müttəfiqi ona artıq verə biləcəkləri heç nəyin qalmadığını deyirlər.
İllərdir verilən “Əsəd gedir?” sualı yenidən gündəmdədir. Bəlkə ilk dəfədir ki, suala bu cavabı verməyə yaxınıq: Bəli, Əsəd gedir. Amma indi ilginc bir ehtimal ortaya çıxıb. Bu da artıq Əsədin açarının ABŞ-ın əlində olması ilə bağlıdır”.