Dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun hərbi və təhlükəsizlik mütəxəssislərindən ibarət heyətlə Ankaraya səfər edəcəyi haqda rəsmi məlumat açıqlanmışdı. Səfər iki ölkənin prezidentləri Rəcəb Rayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı zamanı razılaşdırılmışdı.
Teleqraf.com xəbər verir ki, səfərlə bağlı ötən gün sürpriz situasiya yaranıb, rusiyalı nazirlərin Ankara səfərinin qeyri-müəyyən müddətə təxirə salındığı açıqlanıb.
Səfərin təxirə salınma səbəblərini məşhur türk jurnalist Mehmet Acet diplomatik qaynaqlara istinadən açıqlayıb.
Jurnalist qeyd edib ki, Rusiyanın Liviyada hərbi barışıq təklifi Türkiyə üçün qəbuledilməz olub. Ruslar qiyamçı Haftarı vəziyyətdən çıxarmağa hesablanan 6 iyun Qahirə bəyannaməsindən fərqli bir şey təklif etməyiblər.
Buradan isə belə nəticə çıxır ki, rus nazirlər Türkiyəyə gəlməzdən əvvəl onların təklifi Ankaraya yetişib. Məlum olub ki, iyunun 13-də Rusiyadan nazir müavini Türkiyəyə gəlib və Moskvanın təklifini Ankaraya çatdırıb.
Təklifin mahiyyətinin bu mərhələdə Liviya razılaşması üçün əlverişli olmadığı, müzakirələr yolu ilə buna nail olmaq mümkünsüz göründüyü üçün Sergey Lavrov və Sergey Şoyqunun səfəri təxirə salınıb.
Xatırladaq ki, Türkiyə tərəfindən dəstəklənən Liviya milli etimad hökuməti hərbi əməliyyatla qiyamçı general Xəlifə Haftarın qüvvələrini məğlubiyyətə uğradaraq paytaxt Tripoli ətrafından uzaqlaşdıra bilib. Bundan sonra general Haftar ilk dəstəyi Misirdən alıb. İyunun 6-da Qahirədə rusların da dəstəklədiyi ortaq açıqlama yayılıb və atəşkəs çağırışı edilib.
Amma həm Liviya milli etimad hökuməti, həm də rəsmi Ankara təcrübədən bilir ki, atəşkəs çağırışı küncə sıxışdırılan Haftarı bu vəziyyətdən çıxarmağa hədəflənib. Bu səbəbdən Liviyanın legitim Sərrac hökuməti atəşkəs təklifini rədd edib. Rəsmi Ankara da eyni mövqe tutub. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Sisi və Haftarın atəşkəs çağırışı səmimi deyil.
Bu mövqedən sonra Haftarın arxasında duran ruslar eyni təkliflə Türkiyəyə gəliblər. Amma təklifin müzakirə edilməyəcəyi öncədən bəlli olub və rəsmi Ankaranın bu mövqeyindən geri çəkilməsini təmin etmək mümkünsüz görünüb.
Bu hadisədən sonra Liviyada vəziyyətin yenidən gərginləşəcəyi ehtimalı güclənib.