16 yaşlı çeçenin ərəb gənclər tərəfindən hücuma məruz qalmasından sonra tərəflər arasında silahlı qarşıdurma 3 gündür davam edir.
Teleqraf.com xatırladır ki, iyunun 10-da 16 yaşlı çeçen Fransanın Dijon şəhərində narkotik satan ərəb gənclərin hücumuna məruz qalıb.
Bundan sonra çeçenlər və ərəblər arasında əsl savaş başlayıb. Sosial şəbəkələrdə intiqam çağırışı edən çeçenlər iyunun 12-də ərəblərə məxsus kafeyə silahlı hücum təşkil edib. Bu zaman qruplar arasında əsl müharibə yaşanıb, 1 nəfər ağır yaralanıb. Ötən gün isə bir yerli sakin avtomobili ilə silahlı qarşıdurmaya girən çeçen və ərəb qrupunun arasında qalıb.
Dijon prokuroru Erik Mathais bildirib ki, sürücü ağır yaralanıb.
Şəhər bələdiyyəsi elan edib ki, yüzlərlə polis qruplar arasında savaşla bağlı bölgəyə göndərilib. Bələdiyyə elan edib ki, belə bir durum qəbuledilməzdir.
Çeçenlər isə bəyan ediblər ki, onlar təhqir edilib, çeçen xalqına hücum olunub: “Onları döymək və intiqam almaq haqqımızdır”.
Çeçenlər açıqlamasında həmçinin şəhər sakinlərindən üzr istəyiblər. Bildirilib ki, insanları qorxudublar, amma bu, səhəri gün binanın altında cəsəd tapmaqdan daha yaxşıdır.